19 İyul 2014 22:11

Mütəllibovun şöbə müdiri ilə Elçibəyin baş naziri arasında qovğa başladı

Sabiq baş nazir Pənah Hüseyn Vəzirov və Mütəllibov hakimiyyətində yüksək post tutan Rasim Ağayevi ciddi tənqid edib. Buna səbəb R.Ağayevin "İkinci Respublikanın süqutu" kitabında AXC liderlərini tənqid etməsi olub. R.Ağayev kitabında qeyd edib ki, 1989-cu ildə Ermənistandan gələn qaçqınları Qarabağda yerləşdirmək planı var imiş, amma AXC liderləri buna mane olub. Eyni zamanda, Vəzirov hakimiyyəti dönəmində Qarabağın azərbaycanlılar yaşayan ərazilərinə yardımların edilməsi, abadlıq işlərinin aparılması ilə bağlı planlar olub, amma cəbhəçi liderlər bunun da baş tutmasına imkan verməyiblər. Pənah Hüseyn isə "Rasim Ağayevin vicdanı" adlı məqalə yazaraq onu yalan danışmaqda, yalanları fakt kimi təqdim etməkdə ittiham edib.

Aranı qatan AXC liderləri idi

Məsələyə aydınlıq gətirən və Pənah Hüseynin iddialarına cavab verən Rasim Ağayev isə sabiq baş naziri ciddi tənqid edib: "Onlar mane olurdular. Mən AXC-nin üzvlərini deyil, liderlərini nəzərdə tuturam. Aranı qarışdıranlar elə bu liderlər idi. Onun yazdıqları cəfəngiyyatdır. Əgər söhbət mənim kitabımdan gedirsə, mən orada ancaq Kommunist Partiyasının hadisələrə baxışı, buraxdığı səhvləri işləmişəm. Zərdüşt Əlizadə isə kitabın AXC tərəfini işləyib. Ancaq indi Pənah Hüseyn bilmir ki, bu roman, povest və ya elmi təhqiqat əsəridir. Adam romanla elmi təhqiqat əsərinin fərqini bilmir. Mən yazdıqlarım tarixi faktlardır. Çalışmışıq ki, iştirak etdiyimiz tarixi obyektiv yazaq. Ola bilsin ki, mənim şərhlərim Pənah Hüseynin xoşuna gəlmir. Əslində, Pənah Hüseynin indiki hərəkətləri elə 20 il əvvəl etdiyi hərəkətlərin davamıdır. Onlar siyasi rəqabəti düşmənçilik nöqtəsində görürlər. Düşünürlər ki, ancaq mən doğruyam, mənimlə olmayan məhv olmalıdır. Bunlar o zamanda ağıllı sözləri eşitmirdilər, elə indi də eşitmirlər".

Rasim Ağayev bildirib ki, doğrudan da, o zaman Qarabağa yardımla bağlı Komitə yaradılıb, onun rəhbərliyinə təcrübəli şəxslər gətiriblər: "Komitə Qarabağın azərbaycanlılar yaşayan ərazilərinə yardımlar aparırdı, Xocalının kəndlərinin abadlaşdırılması, Şuşa əhalisinə kömək və s işləri həyata keçirirdilər. Ancaq AXC liderləri faktiki olaraq Qarabağın həllində deyil, hakimiyyətə gəlməkdə maraqlı idilər. Düşünürdülər ki, Qarabağda vəziyyət nə qədər gərgin olsa, Azərbaycanın durumu nə qədər pisləşsə, bu situasiya onlar üçün bir o qədər yaxşı olacaq. Çünki bu zaman hakim partiya zəifləyəcək və onu yıxmaq da mümkün olacaq. Elə bu cür də oldu. Onlar bunu necə dana bilərlər? Məhz bunun nəticəsində onlar iqtidara gəldilər və Pənah Hüseyn də az müddətdə baş nazir postunu ələ keçirə bildi".

Rasim Ağayev xüsusilə vurğulayıb ki, məhz AXC liderləri Ermənistandan gələn qaçqınların Qarabağda yerləşdirilməsinə mane olub: "O zaman bu işlərlə Fuad Musayev məşğul olurdu. Mən 1989-cu ildə təşəbbüslə çıxış etdim, bu təşəbbüs rəhbərlik tərəfindən dəstəkləndi. Təklif edirdim ki, Dağlıq Qarabağın statusunu artıraq və bir neçə rayonu da onun tərkibinə salaq. Bununla da məsələ bitsin. Çünki bu zaman ermənilər güman etdiyi muxtariyyəti əldə edirdilər, amma seçkilərdə səs çoxluğu ilə istənilən məsələni azərbaycanlılar həll edə bilirdi. Sizə deyim ki, bu təklifi Moskvada Qorbaçov da bəyənmişdi. Ancaq təklifə qarşı ermənilər və AXC çıxış etdi. Bu, tarixi faktlardır və onu Pənah Hüseyn necə inkar edə bilər?"

Əbülfəz Elçibəy şəxsən özü etiraz edirdi

"İkincisi, həmin vaxt Bakının nümayəndəsi kimi Poliyaniçko Xankəndində oturmuşdu. Biz də ora gedərək erməni ailələri ilə danışıqlar apardıq. Əlliyə yaxın erməni ailəsinin Xankəndini tərk edərək Ermənistana getməsinə razı sala bilmişdik. Razılaşmışdıq ki, onlara avtomobil veriləcək, ev əşyalarının hamısını aparacaqlar, təhlükəsizliyi təmin olunacaq və s İdeyamız belə idi ki, hər həftə bir neçə ailənin köçməsini təmin etməklə məsələni istədiyimiz duruma gətirək. Ancaq AXC liderləri buna razı olmadı. Təsəvvür edin, bu proses zamanı artıq AXC-nin silahlı qüvvələri var idi. Yolları bağladılar, atəş açdılar, imkan vermədilər. Bizim Ermənistandan gələn qaçqınları Qarabağda yerləşdirmək istəyimizə qarşı Əbülfəz Əliyev şəxsən çıxış etdi. Açıq dedi ki, buna yol vermək olmaz. Çünki qaçqınlar bizim əsas zərbə əlimizdir. Yəni qaçqınlar həmin vaxt meydanda gedən mitinqlərdə əsas iştirakçı idilər. Qərbi Azərbaycan camaatı bu aksiyalarda xüsusi fəal idilər. Bilirsinizmi, Rasim Ağayevin ünvanına çox sözlər deyilib, deyilir və gələcəkdə də deyiləcək. Pənah Hüseynin qələmlə işləmək, təhlil etmək və şərh vermək qabiliyyəti var. Bu adam siyasətçi kimi belə səhvlərini etiraf etməlidir. Çünki burada söhbət siyasətdən deyil, tarixdən gedir".

Rasim Ağayev daha sonra deyib ki, həmin dövrdə AXC liderlərinin hakimiyyət hərisliyi olmasaydı, radikal və inqilabçı yolu deyil, milli barışıq xəttini seçsəydilər, Azərbaycanın taleyi başqa cür olardı: "Həmin dövrdə Azərbaycanın ehtiyacı milli barışa idi. Amma AXC liderləri təsəvvür etmirdilər ki, onlar hansı qüvvə ilə toqquşurlar. Əksinə, onlar düşünürdülər ki, hakimiyyətə gəlib Qarabağda erməniləri məhv edəcəklər və bununla da məsələ bitəcək. Anlamırdılar ki, söhbət Azərbaycanın parçalanmasından gedir, ermənilərin arxasında təkcə Rusiya deyil, ABŞ və Avropada durub. Həm də anlamırdılar ki, onlar Qarabağın taleyi ilə deyil, SSRİ-nin dağıdılmasına işləyirlər. Qarabağ da bu məsələdə alət idi. Onlar, təəssüflər olsun ki, bunu indiyə qədər anlamayıblar. Bilmirdilər ki, azərbaycan və erməni xalqı Qarabağda üz-üzə gətirilmişdi. Bununla bağlı sövdələşməni də ABŞ həyata keçirmişdi. ABŞ həmin vaxt Qorbaçova "stavka" edir, böyük miqyaslı sövdələşmə baş tuturdu. Məhz bu sövdələşmənin tərkib hissəsi olaraq AXC ortaya çıxdı və düşündü ki, kommunist imperiyasını dağıdırlar. Amma anlamadılar ki, əslində Azərbaycanı dağıdırlar. Ancaq həmin vaxt biz dəfələrlə ölkə daxilində ictimai razılaşma məsələsini qoyurduq. Əgər onlar bunu qəbul etsəydilər, vəziyyət dramatik həddə çatmazdı. Onların düşüncə tərzi belə idi ki, hakimiyyətə gələcəklər və dünya onları dəstəkləyəcək, çünki onlar guya demokratdırlar. Amma anlamırdılar ki, bu prosesdə onlardan siyasi alət kimi istifadə edirdilər. Hakimiyyətə gəldilər. Amma buna baxmayaraq, Rusiya, ABŞ və Avropa Ermənistanı dəstəkləməkdə davam etdi. Bunlar da pis vəziyyətdə qaldılar. AXC liderləri hakimiyyət davası apardılar, bu göz önündə idi. Onların siyasi bacarığı, dövlət təcrübəsi olmadı və hər şeyi də uduzdular. Şəxsən mən Azərbaycan naminə istərdim ki, onlar bu oyunda qalib tərəf olsun. Lakin onların uduşu Azərbaycanın məğlubiyyəti idi".

CAVİDAN


Müəllif: