19 İyul 2014 17:55
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama, Almaniya kansleri Angela Merkel və İngiltərənin baş naziri Devid Kameron Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edib.


Liderlər Ukrayna böhranının diplomatik həllinin axtarışı üzrə səylərini davam etdirməyə razılaşıblar.

“Onlar vurğuladılar ki, Rusiya Ukraynanın şərqində separatçıların silahlandırılması və digər dəstəyə görə məsuliyyət daşıyır”, - Ağ Evin mətbuat xidməti bildirib. Məlumata görə, Obama və Kameron Rusiyaya qarşı bundan sonrakı addımların atılmasına ehtiyac olduğunu dilə gətiriblər.

Xatırladaq ki, üç gün əvvəl Rusiyanın öndə gedən bankları, enerji və silah şirkətləri ABŞ-ın “qara siyahı”sına salınıb. Sanksiyaları ABŞ prezidenti Barak Obamanın özü açıqlayıb. Siyahıda Rusiyanın ən böyük neft istehsalçısı “Rosneft”, ikinci ən böyük qaz istehsalçısı “Novatek və Rusiyanın enerji nəhəngi “Qazprom”un bankı olan “Qazprombank” var. Qeyd edək ki, “Qazprombank” Rusiyanın üçüncü böyük bankıdır. “Vneşekenombank” da Vaşinqtonun qəzəbinə tuş gəlib.

Məlumata görə, yeni sanksiyalar Avropa İttifaqına üzv ölkələrlə də koordinasiya edilib. Avropa Sərmayə Bankı tərəfindən Rusiyanın ictimai sektor proyektlərinə maliyyənin verilməsi dayandırılacaq.

Rusiya Xarici İşlər Nazirliyi sanksiyaların “primitiv bir qisas” olaraq qiymətləndirib. Rusiya baş naziri Dmitri Medvedev hesab edir ki, ABŞ-ın sanksiyaları antiamerika əhvali-ruhiyyəsinin artmasına gətirib çıxaracaq və Rusiya cəmiyyətinin birləşməsinə imkan yaradacaq.

/publika.az/


Müəllif: