24 İyul 2017 11:09
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:54

Bakıda İzmir parkının yaxınlığında yerləşən yaşayış binasında yanğın başlayıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında baş vermiş yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Binanın damında başlanan yanğının bir neçə mənzilə keçdiyi bildirilir. Sakinlər təxliyə olunub.

***

10:54

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev Publika.az-a açıqlamasında bildirib ki, təcili yardım briqadaları hazırda hadisə yerindədir:

“Əməkdaşlarımız hadisə yerində olsa da, bu vaxta qədər təcili yardıma müraciət olmayıb”.

***

Təcili Tibbi Yardım Mərkəzinin həkimi Eldar Cəfərov Report-a bildirib ki, saat 09:34 radələrində çağırış əsasında hadisə yerinə gəliblər. Həkimin sözlərinə görə, hələ ki yanğın xəsarəti və zəhərlənmə ilə bağlı onlara müraciət edən olmayıb.

Sakinlər qeyd edib ki, səhər saat 09:10 radələrindən yanğın baş verib. Onlar yanğının binanın dam örtüyündən baş verdiyini söyləyiblər.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov jurnalistlərə açıqlamasında bildirib ki, hazırda istntaq qrupu yaradılıb, araşdırma aparılır:

"Günahkar bəlli olandan sonra qərar qəbul ediləcək. Sakinlərə müvafiq köməklik göstəriləcək. Yanğın tam söndürüləndən sonra sakinlər qaz və işıqla təmin olunacaq".

Hazırda yanğınsöndürənlər yanğını söndürməyə davam edirlər.

***

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib ki, ilkin ehtimala görə, yanğın elektrik naqillərində qısaqapanmadan baş verib.

Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb, sakinlər təxliyə edilib.


Müəllif: Teleqraf.com