24 İyul 2017 11:35
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəhərlənmə ilə bağlı müraciət edənlərin mədələri yuyulub, sistem köçürülərək, evə buraxılıblar.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimov bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin vəziyyətləri yaxşıdır: “Zəhərlənənlərdən 9-u bizə müraciət etmişdi. Elə 2 saat içərisində lazımi tədbirləri görüb evə buraxdıq. Hər birinin vəziyyəti normal idi”.

Həkim əlavə edib ki, xəstələrin kababdan zəhərlənməsi güman oluna bilər: “Mən xəstələrdən soruşdum ki, nə yeyib- içiblər, onlar yalnız kabab və kola içdiklərini bildirdilər. Həmin restoranda nədən zəhərlənmə ola biləcəyini polis araşdırır”.

Kababdan zəhərlənmənin mümkünlüyü ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq.

Eyyub Hüseynov 70 illik ömründə kababdan zəhərlənmə faktı ilə cəmi iki dəfə qarşılaşdığını bildirib:

“İlk dəfə keçən il və bir də bu il eşitdim. Kababdan zəhərlənmə o halda ola bilər ki, kabab əti doğranaraq, qalaylanmamış qabda saxlanıla və yaxud ətin saxlandığı qab təmiz yuyulmaya, yuyucu vasitələrdən təmizlənməyə bilər. Ancaq unutmaq olmaz ki, zəhərlənmə hər şeydən baş verə bilər”.

Qeyd edək ki, dünən 15 nəfərə yaxın uşaq, qadın və kişi zəhərlənmə əlamətləri ilə Şəmkirdə xəstəxanaya yerləşdiriliblər. 1935-ci il təvəllüdlü Raya Əliyevanın vəziyyəti isə ağır olduğu üçün o, Gəncədəki xəstəxanaların birinə aparılıb.


Müəllif: Şəfiqə Nazimqızı