26 İyul 2017 15:29
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün həbs olunan sahibkar, müğənni Röyanın keçmiş qayınatası Çingiz Cəlilovun cinayət işi ilə əlaqədar son günlər baş verənlərin təfərrüatları məlum olub.

Teleqraf.com xəbər verir ki, hələ ötən ay Cəlilovun sahibi olduğu "Çudo peçka" mağazalar şəbəkəsinə daxil olan bütün iaşə obyektləri vergi borclarına görə möhürlənərək bağlanıb. Bundan sonra Cəlilovun adına olan milyonluq bağ evləri və Bakıda yerləşən yaşayış evləri müsadirə olaraq əlindən alınıb.

Məlumata görə, müsadirə olunan daşınmaz əmlaklar arasında iş adamının guya Röyaya bağışladığı, Nabranda tikdirdiyi bir neçə milyon dəyəri olan bağ evi də var.

Xatırladaq ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Cəlilov Çingiz Asim oğlu Bank Standard QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq, həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına keçirərək, guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla özü arasında bölüb.


Müəllif: Könül