22 İyul 2014 11:59
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi - USAİD Azərbaycanda müstəqil medianın inkişafı üçün qrant elan edib. ABŞ səfirliyi tərəfindən verilən təkzib bəyanatlarında da bu qrantın müstəqil mediaya veriləcəyi təsdiq edilib.

Amma müstəqil media deyərkən ABŞ səfirliyi tərəfindən nədənsə hansı media qurumlarının nəzərdə tutulduğu açıqlanmır. ABŞ səfirliyi hansı kriteriya ilə müstəqil medianı müəyyən edəcək? Bu barədə də bir söz deyilmir. Eyni zamanda ABŞ səfirliyi bu elanın mediaya ötürüldüyünü desə də, bu barədə bir dənə də fakt təqdim edə bilmir. Çünki Azərbaycanın heç bir media qurumuna bu barədə məlumat verilməyib və Azərbaycan QHT-ləri üçün heç bir məlumatlandırma kampaniyası keçirilməyib. Xəbəri təkzib etməyə həvəsli olan səfirlik nədənsə elan barədə çox xəsislik edərək bu elanın "gizli" tutulmasına üstünlük verib. Bir fakt isə ondan ibarətdir ki, USAİD-in özünün mətbuat xidməti olmasına baxmayaraq, bəyanat ABŞ səfirliyi tərəfindən verilir. Bu isə USAİD-in ABŞ səfirliyinin patronajı altında olmasını sübut edir. Amma maliyyə vəsaitləri tam bölünərkən ABŞ səfirliyi nədənsə USAİD-in müstəqil olmasını bildirir. Ənənəvi təcrübəyə nəzər salsaq, ABŞ səfirliyi üçün "müstəqil" şəxslərin siyahısına Leyla Yunus, Xədicə İsmayıl, Emin Hüseynli tipli insanlar daxildir. Bu məntiqlə çıxış etdikdə, qrantın kimlərə veriləcəyi öncədən bəlli olar.

USAİD-in Bakı ofisində işləyənlər kimlərdir?

USAİD-in Azərbaycan ofisinin fəaliyyətinə gəlincə, bu ofisdə 200-ə yaxın insan bu və ya digər formada işləyir. Ofisin azərbaycanlı əməkdaşları arasında onlarla erməni mənşəli Azərbaycan vətəndaşları, talış-muğan separatizminin qalıqları, REAL hərəkatının üzvləri var. Bu cür manqurtlaşmış işçilərlə Azərbaycanın daxili işlərinə kifayət qədər təsir edən USAİD təşkilatı bu işçilərin fonunda Azərbaycanda ən radikal və ən təhlükəli bir qrupu formalaşdırır. Hansı ki bu qrup ən radikal müxalifət hərəkatından belə təhlükəlidir. Heç bir milli dəyərlərə, dövlətçiliyə bağlı olmayan bu cür insanlar NİDA kimi hərəkatların, başıpozuq gəncliyin formalaşdırılmasında böyük rol oynayır.

Ofisin yerdə qalan əcnəbi əməkdaşları isə ABŞ Mərkəzi Kəşfiyyat orqanlarının əməkdaşlarıdır. USAİD ofisi hökumətə yaxın QHT-lərlə əməkdaşlıq edərkən onların Azərbaycan dövlətinin maraqlarını qoruduqlarını və bu maraqları qurban vermədiklərini gördükdə USAİD və ABŞ səfirliyi bu QHT-ləri "qara siyahı"ya daxil edir, onların maliyyə vəsaitini kəsir, maliyyə və siyasi təzyiqlərin alınmadığını gördükdə onlarla əməkdaşlığı dayandırır.

Bir sıra ölkələr USAİD-i qovub, Azərbaycan nəyi gözləyir?

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, bir çox ölkələr USAİD-i Mərkəzi Kəşfiyyat İdarəsinin bir qolu hesab edərək bu qurumu öz ölkələrindən qovublar. Zənnimizcə, bir çox inkişaf etmiş dövlətlərin təcrübəsinə əsaslanaraq USAİD-in Azərbaycanda bağlanması ilə bağlı geniş ictimai kampaniya aparılmalı, bu qurumun Azərbaycanın daxili və strateji işlərinə müdaxilə etməsinə son qoyulmalıdır.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov da bildirib ki, USAİD-in bu böyüklükdə qrant layihəsini gizli tutması vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq onları da narahat edir. O qeyd edib ki, USAİD kimi bir təşkilat şəffaflıqdan, demokratiyadan, insan hüquqlarından, media və söz azadlığından danışırsa, o zaman müsabiqədə iştirakla bağlı bütün vətəndaş cəmiyyəti üçün də eyni qaydada, bərabər şərait yaratmalı idi: "Amma çox təəssüf ki, bu müsabiqə gizli formada həyata keçirilib. Özü də bu, həddən artıq böyük bir məbləğdir. Bu məbləğin yalnız ayrı-ayrı təşkilatlara verilməsi onu deməyə əsas verir ki, bu, 2014-cü ilin bələdiyyə və 2015-ci ilin parlament seçkisi öncəsi Azərbaycanda hansısa məqsədlərin həyata keçirilməsi üçün atılan bir addımdır".

"Bütün bunlar növbəti təzyiq vasitəsidir"

R.Qonaqov qeyd edib ki, bütün bunlar növbəti dəfə Azərbaycana təzyiq etməyə xidmət edir: "Ayrı-ayrı təşkilatları maliyyələşdirməklə bu gün Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyə zərər yetirmək məqsədi güdülür. Təəssüf doğuran bir haldır ki, ABŞ kimi nəhəng bir dövlət bu gün belə addımlar atır, belə üsullardan istifadə edir. Bu, bizi həm təəssüfləndirir, həm də biz bunun əleyhinəyik. Bütövlükdə, biz düşünürük ki, ABŞ Azərbaycanda medianın inkişafını həqiqətən istəyirsə, bunun üçün kifayət qədər böyük məbləğ ayrılıbsa, nəyə görə bu müsabiqədə bütün QHT-lər inkişaf etməyib? Nəyə görə bu müsabiqə şəffaf qaydada həyata keçirilməyib? Əgər bu, gizli həyata keçirilirsə, demək burda məqsəd var. Demək, hansısa təşkilatların, təşkilat rəhbərlərinin qarşısına hansısa planlar qoyulub ki, onlar həmin məqsədləri həyata keçirsinlər. Bu müsabiqə elanının gizli tutulması, əlbəttə, bizi çox narahat edir və biz bunu öz dövlətimizə, həmçinin vətəndaş cəmiyyətinə qarşı təhdid kimi qiymətləndiririk".

"Məqsəd I Avropa Oyunlarını və Azərbaycanı gözdən salmaqdır"

R.Qonaqov qeyd edib ki, USAİD-in gizli müsabiqə elanı 2015-ci ilin yayında Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarına hesablanmış bir məsələdir: "Amma bir məsələni qeyd edim ki, bu gün Azərbaycan dövlətçiliyi kifayət qədər möhkəmdir. Ölkədə hər hansı təxribat törətmək, ictimai-siyasi sabitliyi pozmaq qeyri-mümkündür. Bundan əvvəl də müxtəlif ölkələr, müxtəlif təşkilatlar buna dəfələrlə cəhdlər göstəriblər, amma buna nail ola bilməyiblər. Bu dəfə də bu baş tutmayacaq. Amma bizi təəssüfləndirən odur ki, bu cür cəhdlər ümumiyyətlə baş verməməlidir. Əgər biz bu gün demokratik cəmiyyət qurmaqdan və demokratik təsisatların inkişaf etdirilməsindən danışırıqsa, hər şey demokratik qaydada, aşkarlıq şəraitində və demokratik prinsiplər çərçivəsində olmalıdır. Bunun ABŞ-ın özü tərəfindən pozulması çox təəssüfləndirici və təəccübləndirici haldır. Bu onu göstərir ki, Qərb, xüsusilə ABŞ Azərbaycana yenə də ikili standartlarla yanaşır".

R.Qonaqov onu da bildirib ki, məsələ ilə bağlı ABŞ səfirliyi deyil, USAİD özü açıqlama verməli idi: "Ona görə də biz Azərbaycanın daxili işlərinə müdaxilənin məhz ABŞ dövlətinin razılığı və rəyi əsasında həyata keçirildiyini hiss edirik. Əgər ABŞ Azərbaycanı həqiqətən də dost və strateji müttəfiq hesab edirsə, bu halı aradan qaldırmalı və gələcəkdə belə hallar təkrarlanmamalıdır".

"USAİD-in müsabiqəsində şəffaflıq olmayıb"

Demokratik Jurnalistlər Liqasının sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yadigar Məmmədli isə bildirib ki, USAİD-in müsabiqəsində şəffaflıq olmayıb. Y.Məmmədli də bu fikirdədir ki, Azərbaycan mötəbər yarışmaların keçirildiyi dönəmdə güclü xarici təzyiqlərlə üzləşmək təcrübəsini yaşayıb: "2012-ci ildə Azərbaycan "Avroviziya" yarışmasına ev sahibliyi edəndə biz şahidi olduq ki, bir sıra ölkələrdən maliyyələşən dairələrdən bu tədbirin aşağılanmasına xidmət edən məqamlar var idi. Milli Məclisin sədri Oqtay Əsədov da bu il Milli Məclisdə bildirdi ki, gələn il Azərbaycanda keçiriləcək olimpiada ilə əlaqədar ölkəmizə təzyiqlər artacaq. Azərbaycanı, Azərbaycanın inkişafını istəməyən, ona qısqanclıqla yanaşan dövlətlər var. Biz Ermənistanla müharibə vəziyyətindəyik. Ermənistanı dəstəkləyən, həmçinin erməni lobbisinin dəstəklədiyi çox ciddi qurumlar var ki, onlar təbii olaraq Azərbaycanın uğurlarını istəmirlər, onların gözləri götürmür. Azərbaycan gələn il Avropa məkanında ilk dəfə keçiriləcək olimpiya oyunlarına ev sahibliyi edəcək. Bu, çox mötəbər tədbirdir. Bu baxımdan ehtimal etmək olar ki, ölkəmizə təzyiqlər artacaq".

Y.Məmmədli qeyd edib ki, Azərbaycanın müvafiq sahədə qanunvericiliyi var və ona əməl etmək vacibdir: "Qanunvericilikdə bütün layihələrin şəffaf olması tələb olunur. USAİD də həmin qanunvericiliyə riayət etməlidir".

ELSEVƏR


Müəllif: