22 İyul 2014 12:09
596

Siyavuş Novruzov: “Müsavatın problemi yer deyil, başqanlıqdır”

“Müsavatın qurultay və yer problemi yoxdur, başqan problemi var. Bizdə məlumat var ki, həm Müsavatın mərkəzində, həm də yerlərdə kifayət qədər insan bu və ya digər şəkildə Müsavat partiyasının başqanlığına namizədliklərini irəli sürmək haqqında düşünürlər”.

Bunu hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, indiki Müsavat rəhbərliyi bilir ki, əgər qurultay olsa, rəhbərlikdə təmsil olunmaq məsələsi də gündəmə gələcək. Eləcə də, İsa Qəmbər postunu qoruya bilməyəcək: “Əslində, Müsavat partiyasının qurultayının son prezident seçkilərindən il yarım əvvəl keçirilməsi planlaşdırılırdı. Həmin vaxt ortaya belə fikir atdılar ki, prezident seçkilərini keçirdikdən sonra qurultaya getmək lazımdır, seçki ərəfəsində qurultaya getmək doğru deyil və s. İndi məndə belə bir əminlik var ki, indiki Müsavat rəhbərliyi çalışacaq ki, qurultay məsələsini 2015-ci il parlament seçkilərindən sonraya saxlasın. Artıq indidən ortaya belə fikirlər atılır ki, biz qurultaya fikrimizi yönəltməməli, seçkilərə diqqətlə hazırlaşmalıyıq. Odur ki, burada problem yer problemi deyil”.

YAP funksioneri əlavə edib ki, Müsavatın qurultay keçirmək üçün yer məsələsini qabartmasına baxmayaraq, bu, əslində bəhanədir: “Azərbaycanda yer problemi yoxdur. Müsavat istənilən yerlə müqavilə bağlayıb tədbirini keçirə bilər. İstər şadlıq evi olsun, istərsə də teatr binaları. Odur ki, hazırda Müsavat üçün yer məsələsi deyil, sədr məsələsi prioritet təşkil edir”.

YAP icra katibinin müavini Kəlbəcərə gedərkən əsir götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında da fikirlərini açıqlayıb:

“İnsandırlar, darıxıblar, öz doğma torpaqlarını görməyə gediblər. Ümumiyyətlə, bu insanların apardıqları çəkilişdən, hərəkətlərindən bəllidir ki, onlar peşəkar deyillər. Yəni onlar diversiya, kəşfiyyat qrupu deyil. Onlar sadəcə olaraq, evlərini çəkiblər, əzizlərinin məzarlığını çəkiblər. Başqa insanlar da ola bilsin ki, onlardan xahiş ediblər ki, bizim də evlərimizi, əzizlərimizin məzarlığını çəkin. Əgər bu insanların Kəlbəcərə getməsi gizli bir əməliyyat idisə, onlar günorta vaxtı meşədə oturub kabab bişirməz və bunu videoya çəkməzdilər. Onlar şübhəsiz ki, dinc sakin kimi qiymətləndirilməli və mülki vətəndaşlarla bağlı beynəlxalq konvensiyalara uyğun olaraq azadlığa buraxılmalıdır. Əgər xatırlayırsınızsa, bu yaxınlarda Tovuz rayonundan bu tərəfə bir erməni keçmişdi və səhhətində də problemlər var idi. Azərbaycan tərəfi onun müayinə və müalicəsinə diqqət edərək əsiri sağ-salamat halda Ermənistana qaytardı. İndi Ermənistanda da beynəlxalq hüquq normalarına əməl etməklə bu addımı atmalıdır”.

CAVİDAN


Müəllif: