13 Avqust 2017 10:43
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər yol qəzalarının sayının artmasının bir çox səbəbləri var.

Bunu Teleqraf.com-a açıqlamasında “Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, qəzaların baş verməsinə əsas səbəb insan amilidir: “Etiraf etmək lazımdır ki, yollarda intizamlılıq səviyyəsi bərbad vəziyyətdədir. Vətəndaşlar “Yol hərəkəti haqqında” qanunu zəif bilirlər. Bilənlər də laqeyd yanaşırlar. Nəticədə də yollarda qəzalar baş verir”.

Ə.Hüseynov bildirib ki, bəzi insanlar özlərini qanunun fövqündə görürlər: “Avtomobil idarə edənlər kobud hərəkətlər edirlər. Nəticədə qayda pozuntuları yaranır və insan ölümü baş verir. Bəzi insanlar özlərini qanunun fövqündə görürlər. Onlar öz hərəkətləri ilə göstərmək istəyirlər ki, qanun onlar üçün deyil. Müxtəlif üsullardan istifadə edib cəzalardan uzaq duracaqlar. Kasıb ailənin uşaqları da onlara baxıb qaydaları pozurlar. Bu zaman zəncirvari qayda pozuntusu yaranır”.

Ekspert qeyd edib ki, yol hərəkəti təşkilində də problemlər var: “Yolların konstruksiyasında, yol nişanlarında və yol hərəkətinin təhlükəsizliyinə nəzarətdə problem var”.

Ə.Hüseynovun fikrincə, qəzalar mövsümlə də bağlı olur: “Yay vaxtı insanlar istirahətlər gedirlər. Yollarda intensivlik artır. Bu zaman qəzaların baş verməsi qaçılmaz olur”.

Qeyd edək ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Teleqraf.com-a müsahibəsi zamanı 25 il əvvəl Azərbaycanda il ərzində yol-nəqliyyat hadisələri zamanı 3 min nəfərin həlak olduğu halda, hazırda bu rəqəmin minə yaxın olduğunu bildirib.


Müəllif: İlhamə Əbülfət