23 İyul 2014 11:43
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elmar Məmmədyarov: “Yeni boru kəmərlərinin tikintisi üçün avropalı tərəfdaşlarımızın dəstəyini artırması olduqca böyük əhəmiyyətə malikdir”

Brüsseldə keçirilən Avropa İttifaqı üzv dövlətlərinin və “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşündə çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, mədəniyyət və mədəni müxtəliflik Azərbaycanın malik olduğu ən yaxşı ixrac olduğu halda, biz digər əhəmiyyətli və strateji ölçülər üzrə də işləməyə inadlıyıq.

Teleqraf.com xəbər verir ki, nazir daha sonra deyib: “Bu baxımdan, Cənub Qaz Dəhlizinin açılması üzrə davam edən proses, eləcə də Cənubi Qafqaz Boru kəmərinin genişləndirilməsi, TANAP və Trans-Adriatik boru kəmərlərinin tikintisi Azərbaycanın Vilnüs bəyannaməsinin məqsədlərinin həyata keçirilməsinə əsas töhfələridir. Azərbaycan Avropa ittifaqının enerji sahəsində etibarlı tərəfdaşı olduğunu sübuta yetirib. Ümumi dəyəri 45 milyard avro olan bu layihələr Avropa istehlakçısının ehtiyaclarını qarşılayacaq rəqabətli qiymətlərlə iri həcmli, etibarlı və alternativ qaz həcmini təchiz edərək Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə yardım göstərəcək. Bu cəhətdən, yuxarıda qeyd edilən boru kəmərlərinin tikintisi üçün Avropadan tərəfdaşlarımızın artırılmış dəstəyi olduqca böyük əhəmiyyətə malikdir. Azərbaycan eyni zamanda, Xəzər regionu ilə Avropanı birləşdirən potensial qaz nəqli infrastrukturunun yaradılması istiqamətində də səylərini davam etdirməkdədir”.

E.Məmmədyarov bildirib ki, Azərbaycan Avropa ittifaqı ilə qarşılıqlı maraq doğuran digər sahələrdə də strateji tərəfdaşlığın əhatəsini genişləndirməkdə maraqlıdır: “Azərbaycanın Avropa İttifaqının Cənubi Qafqazda ən iri ticarət tərəfdaşı olduğunu nəzərə alaraq, bu sahəyə daha böyük diqqət yetirmək lazımdır. Hazırda Avropa İttifaqına etdiyimiz ixrac məhsulların böyük hissəsi neft və neft məhsullarıdır. Lakin, biz ixrac olunan məhsullarımızın çeşidinin artırılması üçün səylərimizi artırmaqdayıq. Bu qeyri-neft məhsulların Avropa Birliyi bazarlarına çıxarılmasının asanlaşdırılması üçün onların Avropa Birliyinin tələblərinə cavab verən müvafiq standartlara çatdırılması olduqca əhəmiyyətlidir”.

Səxavət


Müəllif: