23 İyul 2014 11:56
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elmar Məmmədyarov: “Avropalı tərəfdaşlarımızı Ermənistanın bu mənfur addımlarının qarşısını almağa çağırıram”

“Əldə etdiyimiz məlumata görə, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərində Ermənistan tərəfindən istehsal olunmuş məhsullar Ümumdünya Ticarət Təşkilatının (ÜTT) malın mənşəyi haqqında qaydaları və ÜTT razılaşmaları ilə Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri pozularaq, saxta etiketlərlə Avropa Birliyi bazarlarında satılır. Bu Ermənistanın aşkar şəkildə ÜTT qarşısında olan öhdəliklərini pozduğu anlamına gəlir”.

Teleqraf.com xəbər verir ki, bunu Brüsseldə keçirilən Avropa İttifaqı üzv dövlətlərinin və “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşündə çıxışı zamanı xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Nazir deyib: “Ticarət məsələsinə toxunmuşkən əvvəllər tərəfimizdən müəyyən olunduğu kimi təhrif olunmuş ticarət əməliyyatları ilə bağlı məyusedici faktlara münasibətdə narahatlığımızı ifadə etmək istərdim. Belə ki, Ermənistan ÜTT-ə daxil olarkən təşkilata üzvlükdən doğan şərtlər və öhdəliklərin, eləcə də Ermənistanın ÜTT razılaşmaları və bu razılaşmaların müddəalarından irəli gələn öhdəliklərinin yalnız Ermənistan Respublikasının BMT tərəfindən tanınan ərazilərinə şamil olunduğunu təsdiq edib. Ona görə də Şərq Tərəfdaşlığı regionunda buna bənzər hallarla bağlı yaxın zamanlarda qəbul olunmuş tənzimləyici hüquqi çərçivəni xatırladaraq, Avropadan olan tərəfdaşlarımızı Ermənistan tərəfindən bu kimi mənfur addımların qarşısını almaq məqsədilə bütün lazımi tədbirlərin görülməsinə çağırıram”.

Səxavət


Müəllif: