23 İyul 2014 15:28
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazirin müavini Əli Əhmədovun ardından daha bir Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri Mübariz Qurbanlı yüksək vəzifəyə təyin olundu. YAP icra katibinin müavini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri postunu idarə edəcək. Bu təyinat iyulun 21-də ölkə başçısının sərəncamına müvafiq olaraq baş tutdu.

Hazırda YAP-ın icra katibliyindən Siyavuş Novruzov parlamentdə təmsil olunur.

Əli Əhmədov YAP-ın icra katibi olmaqla yanaşı, baş nazirin müavini, Mübariz Qurbanlı isə partiyanın icra katibinin müavinliyi ilə bərabər, Dövlət Komitəsinin sədri vəzifəsini yerinə yetirəcək.
Belə olan halda YAP-ın praktiki fəaliyyətinə kim nəzarət edəcək?

Partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirdi ki, YAP-da rəhbərlik əvvəlki qaydada həyata keçirilir: “Qurultayda YAP-ın sədr müavini Əli Əhmədov eyni zamanda icra katibi seçilib. Partiyanın sədri cənab Prezident İlham Əliyev Əli Əhmədova yenidən etimad göstərib. Bu gün də partiyaya YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov rəhbərlik edir. O, partiyanın bütün gündəlik işlərinə nəzarət edir”.

Paşayev qeyd etdi ki, icra katibinin də öz növbəsində iki müavini var və böyük kollektivlə fəaliyyət göstərir: “Burada bütün şöbələr işini məsuliyyətlə yerinə yetirir”.

Onun sözlərinə görə, partiyada yüksək mexanizmə malik, işlək formada fəaliyyət göstərən icra katibliyi var və partiya rəhbərliyinin qəbul etdiyi qərarları icra katibliyi çox dəqiq mexanizm ilə icra edir:

“Burada heç bir əlavə problem yaxud kənara çıxmalara yol verilmir. Mübariz Qurbanlı əgər ayrı vəzifəyə təyin olunubsa, onun yerinə kiminsə müəyyənləşməsi barədə qərar partiya rəhbərliyinin səlahiyyətindədir”.

NƏRGİZ


Müəllif: