24 İyul 2014 11:07
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər Teyyublu: “Onlar Əbülfəz Elçibəyin zamanında Yurd Birliyinin üzvləri olub”

KXCP ilə AXCP-nin birləşməsi haqda təkliflər səslənir. Bir çox Milli Şura üzvləri açıq şəkildə deyirlər ki, bu iki partiyanın birləşməsi ən doğru addım olardı. Hələlik AXCP bu təklifə reaksiya verməyib. AXCP-yə yaxın şəxslər qeyd edirlər ki, əgər KXCP bu təklifə müsbət cavab versə, birləşməyə problem olmaz, çünki bütün hallarda partiyanın sədri Əli Kərimli olacaq.

Bəs, KXCP birləşmək haqda səslənən təkliflərə necə yanaşır?

KXCP sədrinin müavini Xəzər Teyyublu bu təklifi mədəni şəkildə rədd edib: “Mən bildiyim qədər, son dəfə bu təklifi Yaşar Cəfərli irəli sürüb. Bu məsələ zaman-zaman qaldırılır, gündəmə gətirilir. Amma biz zamanında AXCP ilə bir yerdə olmuşuq. Hazırda Milli Şura çərçivəsində AXCP ilə KXCP əməkdaşlıq edir. Lakin mən KXCP ilə Əli Kərimlinin rəhbərlik etdiyi təşkilatın birləşməsini real hesab etmirəm. Yalnız əməkdaşlıq ola bilər və buna problem görmürük. Artıq AXCP simasında Əbülfəz Elçibəydən sonra birləşmək mümkün deyil. Çünki Əbülfəz Elçibəy dönəmində olan münasibətlər hələ də qalır. Odur ki, bu iki təşkilatın birləşməsi ağlabatan deyil”.

KXCP funksioneri əlavə edib ki, onlar zamanında bir yerdə olublar və nəticə göz önündədir: “Bizim aramızda uçurumlar olub. Bunun aradan qalxması üçün zaman lazımdır. Əbülfəz Elçibəyin vəfatından sonra 80 faizin 20 faizə nisbətində parçalanma baş verib. Elçibəyin elektoratı KXCP adı altında birləşib. Çünki əvvəlcə qeydiyyat məsələsi meydana çıxmışdı. 2000-ci ildə Əbülfəz Elçibəyin möhürü texniki baxımdan indiki AXCP rəhbərliyində olduğundan Əbülfəz Elçibəyin real elektoratı və həm də böyük çoxluq məcbur olub KXCP-ni yaratdılar. Yeri gəlmişkən, onu da qeyd edim ki, 2006-cı ilin martın 26-da KXCP-nin təsis qurultayı AXCP-nin fəaliyyətinə xitam verdi. Və onun bazasında KXCP-ni təsis etdik. KXCP-nin bazasını AXC və daha sonra AXCP-nin bazasını özündə əks etdirir. Ancaq bu gün biz heç bir şərt irəli sürmürük, əməkdaşlığımızı davam etdiririk. Amma birləşmə söhbəti ola bilməz. Əgər gələcəkdə hansısa yeni cərəyan formalaşacaqsa və bu zaman gerçək Elçibəyçilərə ehtiyac olacaqsa, biz orada olacağıq. Biz məsələyə bu cür baxırıq. AXCP ilə KXCP-nin bir nizamnamə çərçivəsində və bir lider ətrafında yenidən formalaşması mümkün deyil. Hazırda nəzərdə tutduğumuz AXCP elektoratı ilə KXCP-nin üzvləri arasında böyük fərqlər, Əbülfəz Elçibəyə baxış məsələsi var. 2000-ci ildə AXCP parçalanıb və məsələ də bitib. Bu gün AXCP rəhbərliyi Əbülfəz Elçibəyin partiya sədri olduğu dönəmdə Yurd Birliyinin üzvləri olublar. Bizim məsələlərə baxışlarımız fərqlidir”.

Xəzər Teyyublu daha sonra söyləyib ki, hazırda onlar Əli Kərimlinin sədri olduğu təşkilatla yalnız Milli Şura çərçivəsində əməkdaşlıq edirlər: “Amma ikitərəfli əməkdaşlıq mövcud deyil. Əməkdaşlıq ancaq Milli Şura çərçivəsini əhatə edir. Biz də bu məsələdə problem görmürük. Birləşmə söhbəti isə yoxdur”.

CAVİDAN


Müəllif: