22 Sentyabr 2017 17:29
1 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Balaxanı qəsəbə bələdiyyəsinin sədri olmuş Cavanşir Məmmədov həbsxanada vəfat edib.

Teleqraf.com xəbər verir ki, rüşvət almaqda ittiham oluunaraq 2010-cu ildə həbs olunan Cavanşir Məmmədov Penitensiar Xidmətin müalicə müəssisəsində yerləşdirilmişdi.

Cavanşir Məmmədov Balaxanı qəsəbə bələdiyyəsinin sədri vəzifəsində çalışan zaman qanunsuz olaraq bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə qərarlar qəbul etməyə səlahiyyəti olmadığı halda, həmin ərazi üzrə qeydiyyatı olmayan 122 vətəndaşın, 6 fiziki və hüquqi şəxsin adına, ümumilikdə 56 min 480 kvadratmetr torpaq sahəsinin ayrılmasına və icarəyə verilməsinə dair qərarlar qəbul edib.

Bundan əlavə, o, yenə həmin vəzifədə işləyərkən mülkiyyətində olmasa da, faktiki istifadə etdiyi 850 kvadratmetr torpaq sahəsini satması və torpaq sahəsinə bələdiyyədən sənəd verilməsi üçün 2009-cu il oktyabrın sonunda ona müraciət edən Balaxanı qəsəbəsinin sakini Ədalət Əliyevdən həmin torpaq sahəsinə digər şəxsin adına köhnə tarixə, yəni 2005-ci il üçün sənəd verməsinə görə 3 min ABŞ dolları məbləğində rüşvət alıb.

Cavanşir Məmmədov Cinayət Məcəlləsinin 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

O, 2010-cu ilin fevralında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən istintaqa cəlb olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilmişdi.


Müəllif: Hacı Zeyanlov