14 Oktyabr 2017 01:12
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda qadının bank hesabından oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, sentyabrın 6-da Daxili İşlər Nazirliyinin “102 Xidməti Zəng Mərkəzi”nə zəng vuran şəxs Nərimanov rayonu ərazisində bank hesabından pulunun çıxarılaraq oğurlanması barədə məlumat verib.

Nərimanov rayon Polis İdarəsi 18-ci polis bölməsinə dəvət olunan həmin qadın izahatında rayon ərazisindəki bankomatlardan birindən hesabından ümumilikdə 2938 manatının çıxarılaraq oğurlandığını bildirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən müəyyənləşdirilib və o, şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilib.

Araşdırmalarla onun həmin qadının qonşusu, Bakı şəhər sakini Hüseyn Muradov olduğu məlum olub və o, törətdiyi əməli etiraf edib.

Müəyyən edilib ki, Hüseyn Muradov qonşusunun evdə olmadığı vaxt açar seçmə yolu ilə onun evinə girib, oradan qızıl əşyası və üzərində kodu olan bankomat kartını götürüb. Müxtəlif vaxtlarda həmin hesabdan müəyyən məbləğlər çıxardıqdan sonra isə kartı yenə eyni üsulla qaytararaq yerinə qoyub.

Faktla əlaqədar cinayət işi başlanıb, istintaq gedir.


Müəllif: Hacı Zeynalov