2 Noyabr 04:13
89

Salyan rayonunda oğurluqla məşğul olan şəxslərin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, rayon sakini Vasif Adıgözəlov polis şöbəsinə müraciət edərək həyətyanı təsərrüfatından 9 baş qoyunun oğurlandığını bildirib.

Polis əməkdaşları heyvanların “VAZ-2109” markalı avtomobillə oğurlandığı barədə məlumat əldə ediblər.

Daxili İşlər Nazirliyi Təhlükəsiz Şəhər Xidməti ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobil Bakı şəhərində müəyyən edilərək saxlanılıb və onu idarə edən şübhəli şəxs qismində Salyan rayon polis şöbəsinə dəvət edilib.

Neftçala rayon sakini olan Hüseyn Qurbanov cinayət əməlini etiraf edib. Onun heyvanları əmisi oğlu ilə birgə oğurlayaraq paytaxtın Zabrat qəsəbəsindəki heyvan bazarında sataraq əldə olunan gəliri yarı böldükləri məlum olub.

Görülən tədbirlərlə cinayətin digər iştirakçısı - Həsənqulu Qurbanov da tutulub.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov