2 Noyabr 10:21
1 027

09:24

Oktyabrın 23-də Bakıya etap edilən zaman Biləcəri dəmiryol stansiyasında qaçan kriminal avtoritet Qoca” ləqəbli Etibar Məmmədov həbs edilib.

Bu barədə məlumatı Trend-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov təsdiqləyib.

Eldar Sultanovun sözlərinə görə, qaçan məhbusun saxlanılması ilə bağlı rəsmi məlumat mətbuata açıqlanacaq.

Qeyd edək ki, 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar. Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Bundan əlavə, həbs edilmiş şəxslərin vaqonda müşayiətini bilavasitə təmin edən qarovul rəisi Ceyhun Səmədov və digər 7 əməkdaş ədliyyə orqanlarından xaric edilib, Penitensiar Xidmətin bir çox digər aidiyyəti məsul işçiləri ciddi intizam məsuliyyətinə cəlb olunublar.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin istintaqla müəyyən edilib ki, qarovul heyəti tərəfindən həbs edilmiş şəxslərin etapı zamanı E.Məmmədov və Ə.Ağamiyə münasibətdə "Həbs edilmiş şəxslərin müşayiət edilməsinə dair Qaydalar"ın tələblərinə riayət olunmayıb və bu da fövqəladə hadisə – təqsirləndirilən şəxslərin həbsdən qaçmağı ilə nəticələnib. Bununla əlaqədar qarovul rəisi C.Səmədov, qarovul rəisinin köməkçiləri Fuad Hacıyev və Tural Platxanov Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulan əmələ görə cinayət məsuliyyətinə cəlb olunub və barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda mühafizə altından qaçdıqlarına görə E.Məmmədov və Ə.Ağami Cinayət Məcəlləsinin 304.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.

***

09:33

Bakıdakı atışmada yaralanan “Qoca” ləqəbli Etibar Məmmədov ölüb.

Bu barədə Report məlumat yayıb.

Məlumata görə, Bakının Qaradağ rayonunda silahlı insident baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə "Qoca” ləqəbli Etibar Məmmədovun yaxalanması əməliyyatı zamanı bir qrup silahlı şəxs arasında atışma olub.

Silahlı şəxslərdən biri bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, "Qoca” ləqəbli Etibar Məmmədov olub.

E.Məmmədov atışmada yaralanıb və ölüb.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğludur. O, "Qoca"nı yük avtomobili ilə qaçırırmış. Digər yaralı isə 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur. O, üz nahiyəsindən xəsarət alıb.

Ş. Bəyəlizadənin "Qoca" ləqəbli E.Məmmədova kömək edən yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir.

***

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Qoca" ləqəbli avtoritet Etibar Məmmədovun yaxalanan zaman baş verən atışmada öldüyünü Axar.az-a təsdiqləyib.

***

Bakının Qaradağ rayonunda “Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində keçirilən əməliyyatın yeni təfərrüatı məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, əməliyyat zamanı E.Məmmədovla birgə silahlı müqavimət göstərən daha bir nəfər məhv edilib.

Məlumata görə, E.Məmmədov Abşeron rayonunun Güzdək qəsəbəsində İlqar Əzimov adlı şəxsin evində gizlənib.

“Qoca” ləqəbli avtoritet Hacıqabul istiqamətinə qaçırılarkən Qaradağ rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat keçirib. Əməliyyat zamanı E.Məmmədovla yanaşı, İlqar Əzimov zərərsizləşdirilib.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb.


Müəllif: Teleqraf.com