25 Aprel 2014 12:58
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis Cinayət-Prosessual Məcəllənin 215-ci maddəsinə dəyişiklik təklif edir. Dəyişikliyə əsasən, cinayət işi üzrə prokurorluq tərəfindən aparılan ibtidai istintaqların sayı azaldılır. Cinayət Məcəlləsinin 163 (Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma) və 164-cü (Hamilə qadının və ya himayəsində üç yaşınadək uşağı olan qadının, üç yaşınadək uşağını təkbaşına böyüdən kişinin əmək hüquqlarını pozma) maddələri üzrə ibtidai istintaqın aparılması prokurorluq orqanlarından alınır.

Milli Məclisin mayın 2-də keçirilən plenar iclasında layihə müzakirəyə çıxarılacaq.

Hüquqşünas, deputat Fazil Mustafa layihəni hələ əldə etmədiyindən məsələ barədə məlumatı olmadığını söylədi. Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən bir neçə deputatdan layihənin izahatını öyrənməyə çalışsaq da, cəhdlərimiz uğursuz alındı.

Ölkənin aparıcı qəzetlərinin redaktorlarından yeni dəyişikliyə münasibət öyrəndik.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu layihə barədə qısa informasiya ilə tanış olsa da, dəyişikliyə şərh verə bilməyəcəyini söylədi:

“Gərək hüquqşünasla danışıb layihənin mahiyyəti barədə öyrənim. Sonra layihə barədə fikir bildirə bilərəm”.

“525-ci qəzet”in redaktoru Yusif Rzayev bu haqda bilgisinin olmadığını dedi: “Bu barədə hüquqşünaslar bilər. Mən nəsə desəm, diletantlıq olar”.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli söylədi ki, ibtidai istintaqın prokurorluq orqanlarından alınıb hansı orqana veriləcəyi hələlik bəlli deyil:

“Bu, bəlli olandan sonra dəqiq şərh vermək olar. Bu səbəbdən əgər ibtidai istintaqın aparılması Daxili İşlər Nazirliyinin orqanlarına veriləcəksə, burada elə bir problem görmürəm. Məsələn, jurnalistə fəaliyyəti ilə məşğul olmaq üçün maneə yaradılıbsa, prosedur prokurorluqda bir az uzanır. Çünki hadisə yerinə adətən, DİN əməkdaşları gəlməli və cinayət işini onlar başlamalıdır. İş prokurorluğa cəlb olunanda, proses uzanır. Yəqin ki, operativliyin təmin olunması üçün ibtidai istintaqın aparılması prokurorluqdan alınır. Amma tam mənzərə mənim üçün aydın deyil. Mayın 2-də müzakirələr gedəndə məsələ daha müfəssəl şəkildə məlum olacaq”.

NƏRGİZ


Müəllif: