1 Avqust 2014 13:10
1 527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rafiq Manaflı: "Onsuz da kimin kim olduğu bəllidir"

"Milli Şuranın sessiyasının keçirilməsi hələlik gündəmdə deyil. Düzdür, KXCP sədri Mirmahmud Mirəlioğlu hər dəfə deyir ki, partiyasının qərargahı həm də Milli Şuranın qərargahıdır. Ancaq biz istəyirik ki, Bakı meriyası bizə müvafiq yer ayırsın və sessiyanı da orada təşkil edək".

Bunu Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı bildirib. O, əlavə edib ki, hətta Koordinasiya Şurası üzvlərinin birinin evində sessiya keçirmək haqda qərar vermək haqda düşünüb: "Amma indi yay mövsümüdür, istilər müşahidə edilir. İnsanların çoxu da şəhərdən kənara çəkilib. Biz sessiyaların keçirilməsini sentyabra qədər təxirə salmışıq. Yəqin ki, sentyabrdan sonra sessiya keçiriləcək.

Əgər biz yer tapmasaq, bunu KXCP-nin qərargahında təşkil edəcəyik".

Rafiq Manaflı üzvü olduğu Vətəndaş Həmrəyliyi Partiyasının Milli Şuraya yer verməkdən imtina etməsi haqda məsələyə də aydınlıq gətirib: "Bu fikirlər doğru deyil. Milli Şuranın ilk təsis iclası bizim qərargahda keçirilib. Sonradan isə Milli Şura VHP-yə müraciət etməyib. AXCP-nin qərargahı isə artıq yoxdur. VHP-nin də müəyyən problemləri var və mən bu haqda danışmaq istəməzdim. Amma özüm VHP Ali Məclisinin sədri olduğumdan prosesi bilirəm. Sessiyanın VHP qərargahında keçirilməsi heç vaxt müzakirə mövzusu olmayıb. Bu da bəzi problemlərlə bağlıdır və mən bunu açıqlamayacağam".

Manaflı bəyan edib ki, onlar heç vaxt Müsavat Partiyasının qərargahında sessiya keçirməyəcəklər: "Bu, mümkün də deyil. Müsavat heç bir ciddi səbəb göstərmədən, arqument irəli sürmədən Milli Şuranı tərk etdi. Sonradan isə Müsavata bağlı qurumlar Milli Şuranı Rusiyaya bağladılar və əleyhimizə ciddi kampaniya apardılar. Məni Rusiya meylli qüvvələrə aid etmək çox absurddur. Onsuz da hamı - hamını tanıyır. Kimin kim olduğu bəllidir. Müsavatda tədbir keçirmək heç vaxt Milli Şurada müzakirə edilməyib. Biz bu partiyanın qərargahında sessiya keçirmək niyyətində deyilik və bu ola da bilməz. Bir daha qeyd edirəm ki, bunlar heç bir arqument göstərmədən Milli Şuranı tərk ediblər. Milli Şuraya ən ciddi zərbəni Müsavat vurdu. Amma bütün hallarda sessiyanı keçirmək, fəaliyyətimizi bərpa etmək lazımdır. Bunun üçün də bizə yer lazımdır. Yer məsələsini də sentyabra qədər həll etmək niyyətindəyik".

Koordinasiya Mərkəzinin üzvü əlavə edib ki, artıq Milli Şura bələdiyyə seçkilərinə vahid şəkildə getməyəcək: "Milli Şurada olan partiyalar arasında seçkilərdə iştirak etmək və etməməklə bağlı ciddi fikir ayrılığı var. Bəziləri iştirak etmək istəyir və arqumentlər irəli sürürlər. Seçkiyə qatılmaq istəməyənlərin də əsaslı arqumentləri var. Mən şəxsən demişəm ki, Milli Şura bələdiyyə seçkilərində iştirak etməli deyil, üzünü 2015-ci il parlament seçkilərinə çevirməlidir. Artıq indidən seçki komissiyaları və seçki qanunvericiliyi ilə bağlı işləməlidir. Bələdiyyələrin statusu geniş deyil. Həm də bələdiyyə üzvü olacaq şəxslərin yarısı o biri tərəfə keçə bilər".

Rafiq Manaflı Koordinasiya Şurasının bəzi üzvlərinin iclaslara qatılmamasına da münasibət bildirib: "Əvvəllər KXCP sədri Mirmahmud Mirəlioğlu bizim toplantılarda iştirak edib. Son toplantılarda iştirak etməyib. Deyib ki, şəhərdən kənardadır və müəyyən işləri var. Bu səbəbdən də onu müavini Oqtay Gülalıyev təmsil edib. Hacıbaba Əzimov isə əvvəl xəstəliyi ilə əlaqədar Koordinasiya Mərkəzinin toplantılarına qatılmayıb. İndi niyə iştirak etmədiyinə dair ətraflı informasiyam yoxdur".

CAVİDAN


Müəllif: