1 Avqust 2014 19:13

Musa Quliyev: “Bu məsələ ilə bağlı Əli Əhmədovun rəhbərliyi ilə işçi qrupu yaradılıb”

“İcbari tibbi sığorta bütün dövrlərdə dünyanın hər yerində ən çətin və ağır islahatlardan biri hesab olunur. Əgər bu gün Azərbaycan bu islahatlara gedirsə, deməli, dövlətin iqtisadi qüdrəti buna imkan verir”.

Teleqraf.com-un xəbərinə görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı ölkədə görülən işlərdən danışarkən deyib.

Onun sözlərinə görə, bu sahədə hüquqi baza və yüksək tibbi xidmətlər göstərmək imkanı var: “Ona görə də, bu sistemə keçid mümkündür. Artıq əhalinin sağlamlığının təminatlı şəkildə qorunması üçün Nazirlər Kabineti artıq gələn ildən icbari tibb sığortanın tətbiqinə başlanmasına qərar verib. Bu məsələ ilə bağlı Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə işçi qrupu yaradılıb və işçi qrup artıq konkret detalları müəyyənləşdirməkdədir ki, gələn ildən icbari tibb sığortanın tətbiqinə başlanılsın”.

M.Quliyev eyni zamanda ölkədə ünvanlı sosial yardım proqramının təkmilləşdirilməsində nəzərdə tutulan yeniliklərin əhəmiyyətindən də söz açıb. O bildirib ki, əhalinin sosial müdafiəsi daim dövlətin diqqət mərkəzindədir: “Bu məsələ ilə bağlı ölkə başçısı tərəfindən xeyli sayda fərman və sərəncamlar verilib, qanunlar qəbul edilib. Bu hüquqi baza əsasında da sosial müdafiənin ünvanlılıq prinsipi Azərbaycanda həyata keçirilir. 2007-ci ildən başlayaraq ölkədə ünvanlı sosial yardım uğurlu proqram şəklində tətbiq olunur. Amma dövr dəyişir, cəmiyyət inkişaf edir və müəyyən tələbatlar da dəyişir. Buna uyğun olaraq, ünvanlı sosial yardım proqramının həyata keçirilməsinin qaydaları da təkmilləşdirilməli və daha səmərəli forma əldə edilməlidir”.

Sədr müavini qeyd edib ki, hazırda proqramın daha uğurlu həyata keçirilməsi üçün yeni yollar axtarılır: “Bu yollardan biri də şəffaflığın artırılmasıdır. Nəzərdə tutulan yeniliklər də bu məqsədə xidmət edir. Dövlət məmuru ilə ünvanlı yardım alacaq vətəndaş arasında əlaqənin minimuma endirilməsi, qeyri-sağlam münasibətin tamamilə aradan qaldırılması istiqamətində lazımi addımlar atılır. Ünvanlı yardımların verilməsi ilə əlaqədar sənədlərin elektron formada qəbulu, bunun üçün mərkəzləşdirilmiş elektron sisteminin tətbiq olunması çox uğurlu nəticə verəcək. Bu sahədə nazirlik hökumətin digər strukturları, eləcə də Milli Məclisin Sosial siyasət komitəsi ilə müvafiq işlər aparır. Zərurət yarandıqca, ünvanlı sosial yardım haqqında qanunun müddəalarına yenidən baxılacaq. Hesab edirəm ki, ünvanlı sosial yardımların ehtiyacı olan insanlara verilməsində ədalət və şəffaflıq prinsipi təmin edilməlidir. Fikrimcə, nəzərdə tutulan yeniliklər də bu məqsədə xidmət edir”.

Səxavət


Müəllif:
Загрузка...