4 Avqust 2014 18:37
2 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ordumuzun Tərtər-Ağdam istiqamətində 13 şəhid verdiyi bir vaxtda bir qrup azərbaycanlı gənc Gürcüstanda ermənilərlə ortaq müsabiqəsdə iştirak edib.

Bu tədbirdə olan politoloq Zərdüşt Əlizadə Gürcüstanın Azərbaycan və Ermənistanla sərhəd Təkəli kəndində avqustun 2-də üç ölkə QHT-lərinin ortaq layihəsi çərçivəsində ilk “Tekali Mic” nitq müsabiqəsini Teleqraf.com-a şərh edib.

O, 18-19 yaşlı gənclərimizin düşmən gülləsində şəhid olduğu vaxtda azərbaycanlıların ermənilərlə şənləndiyi barədə ittihamlara belə aydınlıq gətirib.

Gürcüstandan dünən axşam qayıtdığını deyən Z.Əlizadə qeyd etdi ki, tədbir keçirəndə cəbhə xəttində gərginlik olduğu barədə məlumat əldə ediblər: “Tədbirdə bizim Qazax rayonundan yerlilərimiz iştirak edirdi. Onlar bildirdilər ki, bir erməni gülləsi gizirimizi həlak edib, 4 uşağı atasız qalıb, həyat yoldaşının vəziyyəti pisləşib. Bu, çox faciəvi haldır. Tərəflərin sərhədə qoşun çəkməsi, zirehli maşınların yığılması xəbərindən təşvişə düşdük. Mən qorxurdum ki, genişmiqyaslı müharibə başlayar. Siyasətdən az-çox başı çıxan adam kimi bilirdim ki, bu, bizim tərəfin qərarı deyil. Bu, münaqişəni yaratmış, qızışdırmış və onu idarə edən Rusiyanın qərarı ola bilər. Ki, diqqəti Ukraynadakı hadisələrdən, təyyarənin vurulmasından yayındırsın. Sonra da müharibədə minlərlə insan həlak olandan, ölkə viran qalandan sonra gəlib özünü qəhrəman kimi qələmə versin və sülhməramlı qüvvələrini Qarabağ bölgəsinə gətirsin. Gənclər müasir informasiya texnologiyalardan istifadə edə bilirdi. İnternetdən xəbərləri izləyirdilər. Sonra gördülər ki, müharibənin genişlənib iri miqyas alması ehtimalı o qədər də güclü deyil və sakitləşdilər”.

Z.Əlizadənin sözlərinə görə, tədbirdə 12 erməni ilə 10 Azərbaycan natiqi 3 dəqiqəlik nitqlə çıxış ediblər:

“Müharibə gedə-gedə sülhə çağırış xəyanətdir bəyəm? 1992-ci ilin avqustunda döyüşün qızğın çağında Arzu Abdullayeva gedib Yerevanda sülh çağırışı etmişdi və bu cəsarətli hərəkətinə görə Olof Palme adına Beynalxalq sülh mükafat verilmişdi. Heç kəs cinayət əməli törətməyib, gizlənməyə ehtiyac yoxdur, müharibə şəraitində olan ölkədə vətənin mənafeyinə ziyan necə vurulur? Georgi Vanyanın Təkəli kəndində keçirdiyi tədbirlər çox böyük əhəmiyyətə malikdir. Heç vaxt heç bir müharibə əbədi olmur, nə vaxtsa tükənir. Tarixdə müharibəyə çağıran qüvvələr bəzi hallarda cəzalandırılır, bəzi hallarda peşman olur. Müharibə tərəfdarları heç vaxt şərəfli insanlar olmurlar, məsum insanların qanına susamış, öz maddi və mənəvi ehtiyaclarını xalqı hesabına ödəməyə çalışan adamlar olub. Gürcüstana sülhməzmunlu çıxışlar edən gəncləri ittiham etməyə dəyməz, əksinə sülh çağırışları ediblər”.

Qeyd edək ki, festivalda 120 qonaq iştirak edib. Təkəli nitq müsabiqəsi gürcü politoloq Giorgi Xutsişvilinin xatirəsinə həsr olunub.

Kəmalə


Müəllif: