19 Fevral 2018 15:38
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olmuş məlumata əsasən, Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları ilə birlikdə keçirilən əməliyyat tədbiri nəticəsində Bakı Baş Gömrük İdarəsinin "Xocasən" gömrük postunda İran İslam Respublikasının vətəndaşı Bavafa Maghsoud Farhadın idarə etdiyi "HOWO" markalı yük avtomobilinə baxış keçirilib.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, baxış zamanı avtomobilin dartıcısının konstruksiyasına aid olan ramasının arxa hissəsində yerləşən hava balonunun sağ kənarı ilə metal korpusu arasındakı boşluqdan sellofana bükülü bir ədəd bağlamada narkotik vasitə aşkar olunub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən aşkar olunan bağlamadakı narkotik vasitə təmiz çəkisi 439,1 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryəkdir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: İlhamə Əbülfət