26 Aprel 2014 12:27
1 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəzail İbrahimli: “Prezident arqumentləşdirilmiş bir şəkildə Ermənistan prezidentinə cavab verdi”

Rauf Zeyni: “Prezident türk dünyasının maraqlarını müdafiə etməkdə hər zaman prinsipial mövqeyi ilə seçilir”

Mübariz Qurbanlı: “Bu çıxışdan hamımız qürur duyduq”

Aprelin 24-də Çexiyanın paytaxtı Praqada “Şərq tərəfdaşlığı” Proqramının növbəti Sammiti keçirilib. Bu sammit “Şərq tərəfdaşlığı”nın 2009-cu ildə keçirilmiş Praqa sammitinin beşinci ildönümünə həsr olunub.

Qeyd edək ki, “Şərq tərəfdaşlığı” Sammiti ilk dəfə 2009-cu ilin mayında Praqada keçirilib. İkinci sammit 2011-ci ilin sentyabrında Varşavada, üçüncüsü isə ötən ilin noyabrında Vilnüsdə təşkil edilib.
Prezident İlham Əliyev Praqada bir sıra ikitərəfli görüşlər də keçirib. Dövlət başçısı ilk olaraq Moldova prezidenti Nikolae Timofti ilə bir araya gəlib. Növbəti görüşlər Polşa prezidenti Bronislav Komorovski, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, Çexiya Prezidenti Miloş Zemanla keçirilib.

Sammit daha çox Azərbaycan prezidentinin Ermənistanın dövlət başçısına verdiyi tutarlı cavabla yadda qalıb. Belə ki, sammitdəki çıxışının böyük bir hissəsini Türkiyəyə həsr edən Serj Sərkisyan bildirib ki, Avropa İttifaqına üzvlüyə daxil olmağa çalışan Türkiyənin öz keçmişi ilə üz-üzə gəlməkdən qaçmağa çalışması paradoksal faktdır. Prezident İlham Əliyev isə Sərkisyana deyib: “Bu gün, təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur: ”Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm".

Prezidentin çıxışına münasibət bildirən Milli Məclisin deputatı Fəzail İbrahimli deyib ki, Şərq Tərəfdaşlığı üzrə keçirilən forum dövlətlərin birgə fəaliyyəti, müəyyən məsələlərdə ümumi fikir birliyi, ayrı-ayrı dövlət başçılarının ikitərəfli görüşü və bir neçə digər cəhətlərdən səciyyəvi xarakter daşıyan bir forumdur:

“Şərq Tərəfdaşlığı Proqramının beş illiyinin keçirilməsini kifayət qədər təcrübə toplamış bir proqramın beş illiyinin keçirilməsi kimi qiymətləndirmək olar. Forumda dövlət başçısının iştirakı da müsbət hadisədir. Azərbaycan foruma çox açıq üzlə, açıq alınla gedə bilir. Birincisi, Azərbaycan öz sözündə, dövlətlərarası münasibətlərdə, beynəlxalq hüquq müstəvisində düşüncələrində və hərəkətlərində kifayət qədər düşünüb-daşınılmış addımlar atır. Yəni, başqa bir dövlətin işinə qarışmır, mənafeyinə toxunmur. Müstəqil siyasət yeridir, başqa dövlətlərin bizim daxili işlərimizə qarışmasına imkan vermir. Tam müstəqil, sərbəst və həm də deyərdim ki, təlaşlı dünyada balanslaşdırılmış bir siyasət yeridir. Bu mənada Azərbaycan tərəfinin orada iştirakı kifayət qədər açıq, rahat bir forma daşıyan görüşdür”.

F.İbrahimli qeyd edib ki, forumda 200 ildən artıqdır Azərbaycan xalqına düşmənçilik mövqeyində dayanan Ermənistanın prezidentinə verilən cavab yalnız təqdir olunmalıdır: “Dövlət başçısının bu məsələlərdə daim kifayət qədər açıq, ədalətli və cəsarətli mövqeyi forumda özünü göstərib. Çünki ərazisinin 20 faizi işğal olunan, 1 milyondan artıq vətəndaşının qaçqınlıq həyatı yaşadığı bir dövlətin başçısı kimi bu çıxışı etməyə İlham Əliyevin siyasi və mənəvi haqqı var. Prezident arqumentləşdirilmiş bir şəkildə Ermənistan prezidentinə cavab verib. Bu cəhətdən mən hesab edirəm ki, cənab prezidentin çıxışı forumda iştirak edən hər bir kəsi, hətta etiraf etməsələr də, erməni təəssübkeşi olan dövlətləri də, güman edirəm ki, qane edib”.

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni isə bildirib ki, Azərbaycan prezidenti apardığı siyasətlə daim özünün liderliyini saxlayır. Onun sözlərinə görə, bu da təbii ki, prezidentin mənəvi keyfiyyətləri və siyasi kamilliyi ilə milli maraqları ən yüksək səviyyədə müdafiə etməsindən irəli gəlir: “Prezident İlham Əliyev türkdilli ölkələrin dövlət başçılarının hələ 2006-cı ildə Antalyada keçirilən zirvə görüşündə bəyan etdi ki, biz türk dünyası olaraq müdafiə mövqeyindən hücum mövqeyinə keçməliyik. Prezident hər zaman göstərir ki, o, Azərbaycan dövlətinin mənafeyini, ölkənin milli maraqlarını, o cümlədən türk dünyasının maraqlarını müdafiə etməkdə hər zaman öz kəskin, sərt mövqeyi ilə seçilir. Azərbaycan prezidentinin Praqada da - Türkiyə dövlətinin rəhbərlərinin iştirak etmədikləri bir tədbirdə Sərkisyana belə bir cavab verməsi çox böyük bir addımdır. Mən, təbii ki, ölkə prezidentindən hər zaman bu cür addımları gözləyirəm və düşünürəm ki, o, istənilən məqamda, istənilən beynəlxalq tədbirdə, hətta dörd tərəfi düşmənlə əhatə olunsa belə, meydandan çəkilməyən bir insandır. Prezident öz mövqeyini hər zaman istənilən tribunadan bəyan edən bir siyasətçi, dövlət xadimidir. Mən onu elə görürəm, elə tanıyıram və düşünürəm ki, bu, bütün dövrlərdə belə olacaq”.

YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı isə bildirib ki, Azərbaycan Türkiyə ilə müttəfiqdir və beynəlxalq platformada hər zaman bir-birlərini müdafiə edirlər: “Biz o cümlədən erməni yalanlarına qarşı da birgə mübarizə aparırıq. Prezidentimizin bu çıxışından Azərbaycan gəncliyi, Azərbaycan vətəndaşları çox qürur duydular. Bu, təbii ki, çox müsbət, böyük hadisədir”.

SƏXAVƏT


Müəllif: