16 May 2018 15:40
1 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlahiyyatçı Elşad Miri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında gedən məhkəmə prosesi mayın 15-də də davam edib.

Bu barədə Teleqraf.com-a xəbər verən iddiaçı tərəf bildirib ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə baxılan məhkəmə iclasında dinşünaslıq ekspertizasının təyin edilməsi məsələsi müzakirə olunub.

Məhkəmə bu ekspertizanın Azərbaycan Milli Akademiyasının və Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin müəllimlərinə həvalə edilməsinin zəruriliyini qeyd edib. Kitabı yasaqlanan ilahiyyatçı isə buna etiraz edib.

Məhkəmə dinşünaslıq ekspertizasının təyin edilməsi ilə əlaqədar işi qeyri-müəyyən vaxta təxirə salıb.

Qeyd edək ki, ilahiyyatçı Elşad Mirinin uzun müddətdir üzərində işlədiyi və çap etdirəcəyi “İslamda Yoxdur!” adlı kitabı barəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəy verib. Rəydə “İslamda Yoxdur!” kitabının çapının qadağan olunduğu bildirilib. Lakin ilahiyyatçı kitabını Azərbaycan dilində Türkiyənin İstanbul Yayınları tərəfindən çapdan çıxararaq, ictimaiyyətə təqdim edib.

“İslamda yoxdur!” kitabı “İslamda sehr yoxdur”, “İslamda siğə yoxdur”, “İslamda huri yoxdur”, “İslamda azyaşlıların evləndirilməsi yoxdur”, “İslamda seyidlik yoxdur”, “İslamda ölüyə Quran oxumaq yoxdur”, “İslamda peyğəmbərlərin məsumluğu yoxdur” kimi mövzuları əhatə edir.

Qeyd edək ki, ilahiyyatçı Elşad Miri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsini məhkəməyə verib. İlahiyyatçı şikayətin "İslamda yoxdur" adlı kitabına qadağa qoyulması ilə bağlı olduğunu deyir.


Müəllif: Mənsur Rəğbətoğlu