17 May 2018 09:48
1 597
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtkin düşmüş alpinistlərdən ikisinin meyiti ailəsinə təhvil verilib.

"Report"un Şimal bürosu xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində müayinə edilən daha bir alpinistin - Babur Vaqif oğlu Hüseynovun meyiti ailəsinə təhvil verilib. Meyit dəfn edilıməsi üçün Bakıya gətirilir.

***

Quba rayonunda qar uçqunu altında qalan alpinistlərdən birinin meyiti ailəsinə təhvil verilib.

"Report"un Şimal bürosu xəbər verir ki, “Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvü Fəridə Zəbiyulla qızı Cəbrayılzadənin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində müayinə edilib. Müayinədən sonra meyit ailəsinə təhvil verilib.

F.Cəbrayılzadənin meyiti dəfn edilməsi üçün Bakıya gətirilir.

***

09:04

Qubada itkin düşmüş alpinistlərin meyiti Rayon Mərkəzi Xəstəxanasının morquna gətirilib.

Report-un şimal bürosu xəbər verir ki, onların meyiti müayinə olumaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə, daha sonra isə ailələrinə təhvil veriləcək.

Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşının bildirdiyinə görə, alpinistlərin meyitləri axtarış qərargahından 6 km aralıda tapılıb. Onun sözlərinə görə, ilk olaraq Hüseynov Babur Vaqif oğlu, ardınca isə Cəbrayılzadə Fəridə Zəbiyulla qızı və Bünyatzadə Namin Nizami oğlunun meyiti aşkar ehdilib.

FHN əməkdaşı bildirib ki, meyitlər tanınan haldadır.

APA-nın şimal bürosunun verdiyi məlumatda deyilir ki, itkin düşən şəxslərin hər üçünün meyiti çadırda aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin komandiri, axtarışlara cəlb olunan qrupun rəhbəri Toğrul Mehdiyev bildirib ki, bir neçə gün öncə müəyyən ipucuları tapılmışdı. Məhz bundan sonra bütün güclər həmin istiqamətə yönəldildi.

Onun sözlərinə görə, axtarışlara kinoloji xidmətinin xüsusi təlim görmüş itləri cəlb olunub:

“Təxminən 100:120 m olan ərazi idi. Əvvəllər 13-14 metr olan qar hazırda 4-6 metr olardı. Axtarışlar o istiqamətdə yönəldildi və gücləndirildi. 2 gün ərzində aparılan axtarışlar nəticəsində tapıldılar. Təxminən 2800-2900 metr hündürlükdə, 4 metr qar uçqunu olan ərazidə aparılan qazıntılar nəticəsində cəsədlər çadırda tapılıb. Birinci Babur, ikinci Fəridə, sonra isə Namin tapılıb. Hamısı istirahətdə olduqları zamanı güclü uçquna düşüblər və hərəkət imkanları olmayıb”.

Qeyd edək ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

Dekabrın 27-dən FHN-in peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.


Müəllif: Teleqraf.com