19 May 2018 09:23
1 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kubanın paytaxtı Havana yaxınlığında baş verən təyyarə qəzası nəticəsində sağ qalan 3 qadından biri xəstəxanada keçinib. Beləliklə, qəzada ölənlərin sayı 108 nəfərə çatıb.

Bu barədə Cuba TV xəbər verib.

Havananın “Calixto García” hospitalının reanimasiya şöbəsinə yerləşdirilən daha iki qadının vəziyyəti ağır kimi qiymətləndirilir. Bundan əvvəl qəza nəticəsində sağ qalan 1 kişi xəstəxanada vəfat edib.

Qəzaya uğrayan təyyarənin “qara qutuları” hələ ki, tapılmayıb. “Global Air” aviaşirkətinin məlumatına görə, təyyarənin göyərtəsində 104 sərnişin və 6 ekipaj üzvü olub.

Kubanın Dövlət Şurası Havana yaxınlığında “Boeing 737” təyyarəsinin qəzaya uğraması ilə bağlı matəm elan edib. Bu barədə “Granma” qəzeti” məlumat verib:

“Təyyarə qəzası ilə əlaqədar Kuba Respublikasının Dövlət Şurası mayın 19-u saat 06.00-dan mayın 21-i, saat 00.00-dək ölkədə matəm elan edib” (APA).

***

18:05: 2018, saat 22:48

Kubanın paytaxtı Havanada qəzaya uğrayan təyyarədəki 104 sərnişindən 3 nəfəri sağ qalıb.

Bu barədə yerli mətbuat məlumat yayıb. Digər sərnişinlərin taleyi barədə məlumat verilmir.

22:03

Kubanın paytaxtı Havanada sərnişin təyyarə qəzaya uğrayıb.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, “Cubana de Aviacion” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi havaya qalxandan az sonra yerə çırpılıb.

Təyyarədə 100-dək sərnişin olub.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib. Qəzanın təfərrüatı açıqlanmır.


Müəllif: Teleqraf.com