22 May 2018 16:44
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi elektron KİV-lərdə Müdafiə Nazirliyi ilə dəqiqləşdirilmədən guya hərbi avtomobilin qəzaya uğraması nəticəsində iki zabitin ölməsi ilə bağlı məlumat yayılıb. Bu xəbəri qəti surətdə təkzib edirik.

Bu barədə Teleqraf.com-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər

"Bildiririk ki, məzuniyyətdə olarkən öz şəxsi avtomobilində yol-nəqliyyat hadisəsi nəticəsində gizir Muradov Murad Məhəmmədəli oğlu və onunla avtomobildə olan qaynı, mülki şəxs Babayev Toğrul Zaman oğlu həlak olub.

Avtomobildə olan digər sərnişin, M.Muradovun qayınanası Babayeva Zöhrə Bəydadaş qızı ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Son dövrlərdə bəzi KİV-lər yoxlanılmamış və Müdafiə Nazirliyi tərəfindən rəsmən təsdiq edilməmiş məlumatları yaymaqla yanlış fikir yaratmağa cəhd göstərirlər. Azərbaycan Ordusu ilə əlaqədar olan istənilən məsələnin Müdafiə Nazirliyinin Mətbuat Xidməti ilə dəqiqləşdirilməsi vacibdir.

Bir daha KİV nümayəndələrini xəbərdar edirik ki, bu cür hallar təkrar baş verərsə onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görüləcək", deyə nazirlikdən bildirilib.

***

15:34

Beyləqan rayonu ərazisində ağır yol qəzası baş verib.

Hadisə bu gün səhər saatlarında rayonun Qaradağlı kəndi ərazisində baş verib.

42 CA 252 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan hərbçi Murad Muradov dünyasını dəyişib. Avtomobilin sürücüsü və daha bir sərnişin qadın ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, həlak olan hərbçi hərbi hissədən məzuniyyət götürüb evlərinə gəlirmiş.

Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər./Trend/


Müəllif: İlhamə Əbülfət