13 Avqust 2014 10:43

“Yenidən sanksiyanın tətbiq olunması mümkündür”

Bu gün Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirliyə təşkilatın adından danışmamaq haqda üç aylıq cəza sanksiyasının müddəti başa çatır. Artıq bundan sonra E.Qədirli REAL-ın adından danışmaq və bu qurumun mövqeyini ifadə etmək hüququ əldə edəcək. İndi çoxlarına Erkin Qədirlinin hansı tip açıqlamalar verəcəyi olduqca maraqlı gəlir.

Bu mövzuda Erkin Qədirli suallarımızı cavablandırıb. REAL üzvü bildirib ki, ona qarşı sanksiya avqustun 13-də başa çatır və avqustun 14-də REAL adından çıxış etmək hüququ bərpa olunacaq. Bununla belə, Erkin Qədirli deyib ki, avqustun 14-dən sonra xüsusi açıqlamaları gözlənilmir: “Sadəcə olaraq mənim yenidən REAL adından danışmaq hüququm bərpa olunur. Son üç ayda isə ancaq öz adımdan danışmışam. Bundan sonra artıq REAL-ın addımları haqda, fəaliyyətinə dair açıqlamalar verə biləcəyəm”.

“Siz 3 ay əvvəlki kimi danışacaqsınız və yenidən sizə qarşı sanksiya ola bilərmi” sualına gəldikdə Erkin Qədirli deyib ki, bu haqda konkret cavab verə bilmir: “Nəzərə almaq lazımdır ki, mən həmişə düşündüyümü danışmışam. Hesab etmirəm ki, bundan sonra düşünmədiklərimi danışacağam. Bundan sonra mənə yenidən sanksiya tətbiq oluna bilərmi sualına isə cavab vermək çətindir. Bu prinsipcə mümkündür. Ancaq çalışacağam ki, REAL İdarə Heyətinin qərarına uyğun olaraq kobud və ziddiyyətli ifadələr verməyim. Ancaq hər şey şəraitdən asılıdır. Bütün hallarda mən öz payıma bir dərs götürdüm”.

Erkin Qədirli daha sonra söyləyib ki, bir müddət əvvəl ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarla bağlı yazdığı yazı REAL-da ciddi etiraza səbəb olmayıb: “Çünki sosial şəbəkədə yazdığım bu statusu təşkilatın deyil, öz adımdan yazmışam. Həm də bu məsələdə REAL-ın mövqeyi yox idi. Mən sadəcə bir görüşün xatirəsini yazmışdım”.

Erkin Qədirli son üç ayda REAL-ın adından çıxış edənlərin nə dərəcədə effektiv və lazımlı çıxış etməsi haqda fikir bildirməkdən də imtina edib: “Mən bu suala cavab verə bilmərəm. Başqalarının fikirlərini və açıqlamalarını necə qiymətləndirim? Həm də, bu mənim cavab verəcəyim sual deyil. Buna jurnalistlər, başqa vətəndaşlar qiymət verməlidir. Mən dostlarımızın açıqlamalarını özümün açıqlamalarım ilə müqayisə etməyi də etik saymıram”.

REAL funksioneri daha sonra söyləyib ki, avqustun 14-dən sonra hərəkatın siyasiləşməsi, təşkilati işlərin aparılması ilə bağlı fərqli baxışlar ortaya qoymayacaq: “Nizamnamə layihəsi, çərçivə var. Buna uyğun da hərəkət edirik. Orada xüsusi bir şey yoxdur, iş planlaşdırılmış formada aparılır. Cari və gündəmdə olan məsələlər, eləcə də, beynəlxalq mövzularda heç kəsin gözləmədiyi halda mənim fikirlərim ola bilər. Əgər söhbət hadisələrə REAL-ın münasibətindən gedirsə, bu açıqlama və bəyanatlarda ifadə olunur. Biz də İdarə Heyətinin ümumi qərarına tabeyik. Ancaq elə məsələlər var ki, bunun üçün İdarə Heyətinin qərarı tələb olunmur. Bu zaman mən sərbəst olacağam”.

CAVİDAN


Müəllif:
Загрузка...