25 May 2018 12:31
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin üç ayı ərzində 7 xarici vətəndaş qanunsuz ov etdiyi üçün saxlanılıb. Onlar iki min manat cərimə edilib və ölkədən məcburi çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə deyib.

H.Əlizadə onu da vurğulayıb ki, cərimələnən xaricilər əsasən Körfəz ölkələri vətəndaşlarıdır.
Qanunsuz ov etdiyi üçün ölkədən deportasiya edilən xarici vətəndaşlar ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq daha ölkəyə buraxılmır:
“Azərbaycan Respublikasının üzərinə götürdüyü beynəlxalq konvensiyalar və yerli qanunvericilik əsasında xarici vətəndaşların ov etməsinə icazə verilir. Xarici ovçular ilk növbədə turistlərdir.

Bununla yanaşı xaricilərin ovunu tənzimləmək üçün bir sıra qaydalar hazırlanıb. Biz çalışacağıq ki, mövsüm ərzində qanunvericiliyə uyğun sahələrdə ov etsinlər. Biz turizmin inkişafında maraqlıyıq. Lakin turislərin ov turlarını təşkil edən şirkətlər qanunvericiliyi pozmamalıdırlar. Eyni zamanda xarici vətəndaşların da ov qaydalarına əməl etmələrinə maraqlı olsunlar.

Ola bilər, əcnəbilər yerli qanunvericilikdən xəbərsiz olsun, lakin həmin şirkətlər qanunları bilməlidirlər. Öhdəliklərə əməl edən şirkətlərlə əməkdaşlığa hazırıq”

H.Əlizadə onu da vurğulayıb ki, ötən il və bu ilin dörd ayında 300 qədər Azərbaycan vətəndaşı saxlanılıb. Nazirlik rəsmisi qanunsuz ov edənlərə qarşı cərimələrin artırılması barədə qanunvericilik bazasının hazırlandığını deyib: “Hazırda ovçuluqla bağlı qanunvericiliyi pozanlara qarşı cərimələr 2004-cü ildə təsdiq edilmiş qərara əsasən həyata keçirilir. Bu cərimələrin daha da sərtləşdiriliməsi tərəfdarıyıq. Bununla bağlı hazırlanan layihədə bəzi cərimələrin 5 dəfəyə qədər artırılmasını təklif edirik.

Bununla da qanun pozucularına qarşı daha sərt tədbirlər görüləcək. Bu il ərzində qanunsuz ov edənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik. Onlara qarşı azadlıqdan məhrumetmə cəzasının verilməsini istisna edilmir”.


Müəllif: Gülxar