13 Avqust 2014 18:10

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünü şərh edib.

Millət vəkili hesab edir ki, Rusiya ən yaxşı halda, müharibə başlayarsa, öz qoşunlarını Qarabağa yeridib heç bir müdaxilə etməyəcək. Onun sözlərinə görə, belə olan halda da Azərbaycanın öz torpaqlarını azad etməyin yolu müharibədən keçir: “Nə qədər sadəlövh insanlarıq! Soçi görüşündən sonra sadə insanların da, medianın da suallarına təəccüblənməyə bilmirsən. Hamıda elə təsəvvür varmış ki, Putin prezidentləri ona görə çağırıbmış ki, bir neçə rayonu Ermənistandan alıb bizə versin və bizi də Avrasiya İttifaqına salsın... Putin niyə bunu etməliydi ki? Tutaq ki, Putin Ermənistandan tələb etdi ki, işğal olunan bir neçə rayonu qaytar, Ermənistan da uşaq oyuncağı kimi götürdüyünü bizə qaytaracaq? Rusiya uzaqbaşı və ən yaxşı ehtimal kimi bizə təminat verər ki, Azərbaycan ordusu hücum etsə, onlar bilavasitə müdaxilə etməyəcək, o zaman yenə də savaşaraq torpağı almaq lazım gələcək”.


Deputatın fikrincə, Dağlıq Qarabağ məsələsində sehrli heç nə baş verməyəcək. O, bu savaşın qalibinin də ağıllı və güclü tərəf olacağını hesab edir:

“Müharibədən danışanların əksəriyyəti şüuraltında hansısa fövqəladə gücün və ya sehrli barmağın məsələni çözəcəyini daha çox düşünür. Ancaq sehrli heç nə baş verməyəcək, kim daha ağıllı və çalışqandırsa, prosesi də o, uduşla tamamlayacaq. Cəbhə xəttindəki son gərginlik nəyi göstərdi - biz yenə də ani emosionallıqla, qısamüddətli ağrıkəsici ilə özümüzə təskinlik veririk. Az qala hamı bir-birini qandıraraq, “bir şad xəbər eşitmişəm, bir azdan deyəcəyəm” blefi ilə duyğularımızı işğal etdi. Səhəri gün hamı yenidən real dünyaya qayıtdı. Yalançı vətənpərvərlik xortumu burula-burula çəkilib getdi. Bizə zəruri olan isə soyuqqanlı və peşəkar vətənsevərlikdir. Müharibə isə uzun sürən bir prosesdir və əsas hədəfə çatmayana qədər, kiçik uduşların arxayınçılığına, sevincinə özünü qapdırmaq olmaz”.

Nərgiz


Müəllif:
Загрузка...