14 Avqust 2014 18:21
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Natiq Miri: “Bu, müttəfiqlərə cavab ola bilər”

Rusiyanın Ermənistandakı 102 saylı motoatıcı hərbi hissəsi “Alaqyaz” dağlıq hərbi-təlim kompleksində taktiki təlimlər keçirəcək.

Teleqraf.com-un məlumatına görə, təlimlər rusiyalı hərbçilərlə Ermənistan silahlı qüvvələri arasında “Müştərək tabor taktiki təlimləri” adı altında keçiriləcək. Hərbi hissənin ştatında olan bütün növ silahlardan istifadə olunması nəzərdə tutulan təlimlərdə 1000-dən çox hərbçi, 300 ədəd xüsusi hərbi texnika iştirak edəcək. Təlimlər dəniz səviyyəsindən 2200 metr yüksəklikdə keçiriləcək.

Təlimlərə münasibət bildirən Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib ki, təlimin planlaşdırılmış olduğunu demək çətindir. Onun sözlərinə görə, bu təlimin arxasında çox ciddi geosiyasi niyyətlər durur: “Bu təlimlər birbaşa Qərbə ünvanlanmış mesajlardır”.

Bununla belə N.Miri bildirib ki, bu təlim Azərbaycan Silahlı Qüvvələrinin gücü qarşısında böyük əhəmiyyət daşımır: “Azərbaycan zaman-zaman Ermənistanda keçirilən hərbi təlimlərin miqyasından dəfələrlə böyük miqyasda hərbi təlimlər keçirir və bu təbii ki, bizim hərbçilərin peşəkarlığını daha da artırır. Ancaq mənə elə gəlir ki, bu təlimlərin daha çox siyasi mesajı var. Söhbət ondan gedir ki, Azərbaycan Ermənistana qarşı Dağlıq Qarabağ ərazisində, yaxud Ermənistanda hər hansı hərbi prosesə rəvac verərsə, rəsmi İrəvanı hərbi-strateji müttəfiqi müdafiə edəcək. Yəni, o hərbi təlimlərin Azərbaycan üçün arxasında dayanan mesaj bundan ibarətdir”.

Bəs, bu təlimlərə cavab olaraq Azərbaycanla Türkiyənin ortaq hərbi təlimlər keçirməsi, bu ölkələrin birliyini nümayiş etdirməsi məqsədəuyğun olmazdı? Bu sualımıza da cavab verən N.Miri qeyd edib ki, artıq Türkiyə ilə Azərbaycanın hərbi təlimlər keçirməsinin tam zamanıdır:

“Bu, müsbət nəticə verə və müəyyən mənada bu yöndə kimlərsə konkret mesajlar ala bilər. Amma mən daha praktik bir əməlin həyata keçirilməsinin tərəfdarıyam. Yadda saxlamaq lazımdır ki, Ukraynadakı hadisələrdən sonra iki NATO ölkəsi – Litva və Polşa alyansın üzvü olmayan Ukrayna ilə “LİTPOLUKRBRİG” adlı hərbi briqada yaratdılar. Bu, yeni bir presedent yaratdı. Dünənə kimi “Türkiyə NATO ölkəsidir, NATO-nun icazəsi olmadan qeyri-NATO ölkəsi ilə hər hansı hərbi saziş başlaya bilməz” deyə bəhanələr ortada vardı. Amma dediyim konkret hadisədən sonra bu bəhanələr ortadan qalxdı. Hesab edirəm ki, Azərbaycanla Türkiyə arasında artıq hərbi saziş imzalanmalıdır. O saziş ki, özündə bütün mənalarda qarşılıqlı yardımı və ölkələrdən hər hansı biri hərbi təcavüzə məruz qaldıqda, digər ölkənin birbaşa hərbi prosesin içərisində iştirakını ehtiva etməlidir. Hesab edirəm ki, artıq bu sazişi bağlamağın zamanı gəlib və bu saziş imzalanarsa Azərbaycanı sevməyən və ona təcavüz, təhdid etmək istəyən hər bir ölkə ən azı iki dəfə düşünmək məcburiyyətində qalacaq. Odur ki, artıq sözdən əmələ keçmək zamanı çatıb. Vəziyyət yalnız belə bir sazişin bağlanması ilə dəyişə bilər. Rusiya və Ermənistanın birgə keçirdiyi təlimlərə Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimlərinin keçirilməsi və bundan əlavə iki dövlət arasında hərbi sazişin bağlanması cavab ola bilər”.

Səxavət


Müəllif: