15 Avqust 2014 16:35
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu partiyanın keçmiş funksioneri Fikrət Cəfərlinin iddialarına cavab verib.

Xatırladaq ki, bir müddət KXCP sədrinin müavini postunu tutan F.Cəfərli keçmiş sədri M.Mirəlioğlunun təşəbbüsü ilə doqquz partiyanın bir araya gətirilməsini tənqid edib. O, həmin partiyaların çoxunun müxalifət düşərgəsini təmsil etmədiyini bildirib, bəzi partiyaların müxalifət düşərgəsində piarının aparıldığını bəyan edib.

F.Cəfərli həmçinin bildirib ki, müxalifətin güclənməsini istəyən təşkilatlar və siyasətçilər Milli Şurada cəmləşməlidir.

Xəzər Teyyublu isə KXCP sədrinin keçmiş müavininin bu cür açıqlama verməsini siyasi sifariş hesab edir: “Onun açıqlamalarına şərh vermək niyyətində deyilik, çünki biz iş görürük. KXCP sədri sadəcə partiyaları qərargaha dəvət edərək ölkədə ictimai-siyasi vəziyyəti müzakirə edir, insanların müdafiəsini təşkil etmək istəyir. Hesab edirəm ki, KXCP-nin qərargahına toplaşan partiyaları damğalamaq təşkil olunub. Konkret olaraq keçmiş KXCP üzvünün açıqlaması təşkil edilib. Çünki bu işin arxasında dayananların özləri bunu deyə bilmirlər. Ortaya iş qoymaq əvəzinə ləkələmə aparılır. Düşünürlər ki, biz orada deyiliksə, deməli nəsə var. Bu səhv yanaşmadır. Biz hamının bir yerdə olmağını istəyirik. Ancaq bəziləri çalışır ki, KXCP qərargahına toplaşan partiyalarla Milli Şura arasında problemin olduğunu ortaya qoysunlar. KXCP həm də Milli Şurada təmsil olunur”.

Xəzər Teyyublu həmçinin bildirib ki, cəmiyyətdə məqsədli şəkildə fikir fərqliliyi yaradılır: “Onu da nəzərə almaq lazımdır ki, hər şeyi Milli Şura çərçivəsində həll etmək olmur. Milli Şura zamanında böyük işlər gördü. Amma sonrakı dövrdə bütün siyasi prosesləri bir qurumun çərçivəsinə salmaq alınmır, çünki bu yolla məsələ həll edilmir. Deməli, başqa format axtarmaq lazım gəlir. Bu gün də həmin formatı tapmaq üçün cəhdlər olur. Bu ancaq təqdir oluna bilər”.

Xəzər Teyyublu əlavə edib ki, Fikrət Cəfərli heç vaxt cəbhəçi olmayıb, sadəcə KXCP üzvü olub: “Cəbhəçi olmaq başqa, partiya üzvü olmaq isə başqa şeydir. Cəbhəçi belə şeylər deməz. Əlbəttə, bu şəxs siyasi yönümünü özü müəyyən edir, amma vaxtilə burada təmsil olunub, arada üz-üzə gəlirik. Burada fəaliyyət göstərən hansısa bir şəxsin sonradan nələrisə qabartması, deməyə əsas verir ki, bu öncədən hazırlanıb və onun dili ilə deyilir”.

Cavidan


Müəllif: