16 Avqust 2014 00:21

Ukrayna Nazirlər Kabinetinin tərkibində Milli Azlıqlar üzrə Şura yaradılıb və yeni qurumda azərbaycanlılar da təmsil olunur.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) verilən məlumata görə, Şurada BUAK sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev də təmsil olunur.

Ukrayna Nazirlər Kabinetində bu gün baş nazir Arsen Yatsenyukun təşəbbüsü və hökumət üzvlərinin iştirakı ilə Şuranın ilk iclası keçirilib.

İclasda Şuranın tərkibi də təsdiqlənib. Şuranın tərkibinə Ukraynada bir sıra milli azlıqları təmsil edən təşkilatların rəhbərləri, mədəniyyət, təhsil və daxili işlər nazirlərinin müavinləri, Nazirlər Kabinetinin etnomilli siyasət işləri üzrə müvəkkili Genadiy Druzenko, etnosiyasət üzrə ekspertlər, alimlər və mütəxəssislər daxil olublar. Bunlar arasında BUAK sədri Rövşən Tağıyev də var.

R.Tağıyev çıxışı zamanı Nazirlər Kabineti yanında Milli Azlıqlar üzrə şuranın yaradılmasını dəstəkləyərək, onun işinin effektivliyi üçün bir sıra təkliflər də irəli sürüb.

Qeyd edək ki, yaxın zamanlarda Şura yanında qanunvericilik təşəbbüsləri, milli azlıqlar və başqa sahələrdə fəaliyyət üzrə işçi komissiyaların yaradılacağı gözlənilir.

APA


Müəllif:
Загрузка...