19 Avqust 2014 17:33
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əli Kərimli ilə İsa Qəmbər arasında İqbal Ağazadə davası

Son prezident seçkilərindən əvvəl müxalifət bir araya gəlmək, vahid namizədlə çıxış etmək məqsədilə ciddi müzakirələrə başlamışdı. Həmin vaxt ilk müzakirə AMİP sədri Yusif Bağırzadə və ADP sədri Sərdar Cəlaloğlunun təşəbbüsü ilə “Asiman” restoranında təşkil olunmuşdu. Həmin görüşdə ADP sədri Sərdar Cəlaloğlu, AXCP sədri Əli Kərimli, Ümid sədri İqbal Ağazadə, ALP sədri Əvəz Temirxan, VİP sədri Əli Əliyev, AMİP sədri Yusif Bağırzadə, KXCP sədri Mirmahmud Mirəlioğlu iştirak edirdi.

Sonradan Ziyalılar Forumunun təmsilçisi qismində görüşə Rafiq Əliyev də dəvət olunmuşdu. Bu müzakirələrin əsas qayəsini isə müxalifətin seçkilərdə vahid namizədlə iştirakı təşkil edirdi. Sərdar Cəlaloğlu hətta təklif etmişdi ki, vahid namizəd kimi Rafiq Əliyev irəli sürülsün. Çünki R.Əliyev heç bir siyasi partiyanın üzvü deyil, bütün siyasi partiyalarla eyni məsafədə dayanır və onun ətrafında birləşmək olar.

O zaman bu müzakirələrə Müsavat başqanı İsa Qəmbər də dəvət olunmuşdu. Lakin İsa Qəmbər bu dəvətdən imtina edərək bildirmişdi ki, onu “Asiman”a vahid namizədi müəyyən etmək məqsədilə dəvət edirlər. Hətta az sonra Müsavat başqanı “Azadlıq” radiosunda vahid namizədi şaxta babaya da oxşatmışdı. Sonradan bu məsələ müxalifətdə ciddi qarşıdurmalara səbəb oldu, bir çox partiyalar İsa Qəmbəri müxalifətin bir araya gəlməsinə maneçilik törətməkdə ittiham etdi.

İndi isə rollar bir qədər dəyişib. Artıq iki həftə əvvəl İsa Qəmbərin təşəbbüsü ilə KXCP qərargahında siyasi partiyaların müzakirəsi keçirilib. Həmin müzakirələrdə ALP, ADP, KXCP, VİP, BAP, VAMBP, AXP, Azadlıq, Ümid, İslam, AzDP iştirak edib. İndi isə AXCP Müsavatı Ümidlə bir araya gəlməkdə ittiham edir, xatırladır ki, 2011-ci ilin qışında Müsavat Məclisinin iclasında İsa Qəmbər məhz Ümid sədri haqqında çox kəskin ifadələr işlədib, onun müxalifət düşərgəsinə aidiyyəti olmadığı haqda sərt mesajlar verib. Amma buna baxmayaraq indi İsa Qəmbər Ümidin iştirakı ilə partiyaları bir araya gətirib. Müsavat isə xatırladır ki, məhz AXCP sədrinin iştirakı ilə prezident seçkilərindən bir müddət əvvəl “Asiman”da İqbal Ağazadə ilə bir araya gələrək vahid namizəd məsələsini müzakirə edib.

Görünən budur ki, indi AXCP və Müsavat bir-birini Ümid Partiyası ilə əməkdaşlıqda suçlayır. İsa Qəmbər Müsavat Məclisində Ümid haqda işlətdiyi sərt sözlərə baxmayaraq hazırda faktiki olaraq bu partiya ilə dəyirmi masa formatında əməkdaşlıq edir.

Bəs, AXCP yenidən Ümid partiyası ilə əməkdaşlıq edə, “Asiman” restoranı formatında görüşlər keçirib müzakirələr apara bilərmi? Hələlik bu sualın cavabı yoxdur.

“Əlimizdən gələni etdik”

Asiman restoranında keçirilən görüşün iştirakçısı olan ALP sədri Əvəz Temirxan deyir ki, onlar müxtəlif dövrdə adı keçən restoranda görüşüblər: “Səhv etmirəmsə, sonuncu görüş 2013-cü ildə baş verdi. O zaman Rüstəm İbrahimbəyov məsələsi olmasa da, vahid namizəd məsələsi gündəmdə idi. Ancaq bu görüşlər zamanı vahid namizəd müəyyən edilmədi”.

Temirxan əlavə edib ki, indi belə tərkibdə bir araya gəlmək olduqca çətindir: “Deyə bilmərəm ki, belə görüş baş tuta və ya tutmaya bilər. Hər halda çətin məsələdir. Problem ondadır ki, müxalifət partiyalarının bir-birinə etimadı yoxdur. Daha doğrusu, etimad böhranı yaşanır. İndi siyasi aləm daha çox 2001-2002-ci illərdə Türkiyədə olan siyasi mühiti xatırladır. Biz müxalifətə keçdikdən sonra əlimizdən gələni etdik ki, bu düşərgə bir arada olsun, amma faydası olmadı, çünki inam itib. Bu mənada mən optimist deyiləm”.

“Bu cür görüşün keçirilməsi faydalı olardı”

VİP sədri Əli Əliyev isə bildirib ki, Asiman restoranında görüş əsasən 2013-cü il seçkiləri ilə bağlı olub. Onun sözlərinə görə, həmin il seçkilər olduğundan belə formatda görüşün keçirilməsi də mümkün olub: “Ancaq indi 2014-cü ilin qızmar avqust ayıdır, qarşıda da seçkilər yoxdur. Ancaq hesab edirəm ki, bu cür görüşün keçirilməsi faydalı olardı. Müxalifətdə indi olan münasibətlər sistemində belə bir görüşün təşkil edilməsinin ziyanı olmaz”.

Cavidan


Müəllif: