28 Aprel 2014 16:25

Cəzaçəkmə müəssisələrinə və Bakı İstintaq təcridxanasına qadağan olunmuş rabitə vasitələrinin keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-un verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nicat Xosrov oğlu Qarayevin yanına qısa müddətli görüşə gəlmiş anası vətəndaş Aidə Mustafa qızı Hüseynovanın üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı onun əl çantasının içərisində gizlədilmiş daxilində danışıq kartı olmayan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Nicat Qarayev Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum edilib.
Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Rahib Nadir oğlu Nəsirovun yanına qısa müddətli görüşə gəlmiş qardaşı oğlu vətəndaş Namiq Rasim oğlu Nəsirovun üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı onun əynində olan şalvarın cibindən daxilində "Sim" danışıq kartı olan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Rahib Nəsirov Cinayət Məcəlləsinin 206.2; 234.4.3 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Vüsal Raqib oğlu Nəsirovun yanına qısa müddətli görüşə gəlmiş vətəndaş Raqib Abdulla oğlu Nəsirovun üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı onun əynində olan pencəyin cibindən daxilində "Sim" danışıq kartı olan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Raqib Nəsirov Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən həbs edilib.
Hər üç fakt üzrə araşdırma aparılır.


Müəllif: