28 Aprel 2014 20:32
1 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəxtiyar Əliyev: “Bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə ehtiyac var”

İsrailin xarici işlər naziri Aviqdor Liberman sabah Azərbaycana rəsmi səfər edəcək. Bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb. Səfər çərçivəsində A.Libermanın Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, Milli Məclisin sədri Oqtay Əsədov, habelə yəhudi icması ilə görüşləri nəzərdə tutulub. Səfər mayın 4-dək davam edəcək.

Səfəri şərh edən Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Bəxtiyar Əliyev bildirib ki, Azərbaycan-İsrail münasibətləri hər zaman yüksək səviyyədə olub. Hesab edirəm ki, qarşılıqlı edilən səfərlər ancaq iki ölkə arasında dostluğun inkişafına və münasibətlərin yüksələn xətt üzrə getməsinə kömək edəcək. Bu baxımdan mən cənab Libermanın səfərinə müsbət baxıram”.

İki ölkə arasında hansı sahələrdə əməkdaşlığın genişləndirilməsinə ehtiyac olduğuna dair sualımızı cavablandıran B.Əliyev qeyd edib ki, bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə, inkişaf etdirilməsinə ehtiyac var: “Biz bilirik ki, İsrail xalqı da Azərbaycan xalqı kimi soyqırıma məruz qalıb. Ona görə də gələcəkdə bu soyqırımların baş verməməsi və bu soyqırımları törətmiş cinayətkarların cəzasına çatması üçün də hər iki dövlətin və hər iki xalqın birgə səylərini gücləndirmək lazımdır”.

Qeyd edək ki, rəsmi Bakı ilə Tel-Əviv arasındakı əməkdaşlıq bir çox hallarda İranda yumşaq desək, qısqanclıqla qarşılanır. Bununla əlaqədar olaraq B.Əliyev deyib ki, bir ölkənin apardığı siyasətin digər ölkədə yüksək səviyyədə qıcıq yaratdığını düşünmür: “Çünki Azərbaycanın başqa dövlətlərlə qurduğu münasibətlər heç bir başqa dövlətin əleyhinə yönəlməyib. Burada sadəcə bir istisna var ki, Ermənistan aqressordur, Ermənistan Azərbaycan ərazilərini işğal edib, azərbaycanlılara qarşı soyqırımı törədib. Azərbaycan torpaqları işğaldan azad olunanadək Azərbaycan dövləti Ermənistana qarşı öz haqlı mübarizəsini bütün səviyyələrdə aparacaq”.

Onu da bildirək ki, Azərbaycan İsrail Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik əlaqə isə 6 aprel 1992-ci ildə qurulub. 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərsə də, Tel-Əvivdə hələ də Azərbaycan səfirliyi mövcud deyil. Halbuki, İsrail tərəfi Tel-Əvivdə səfirliyin açılmasında maraqlı olduğunu dəfələrlə bəyan edib. Bununla bağlı da sualımızı cavablandıran B.Əliyev deyib ki, Azərbaycanın artıq 70-ə yaxın ölkədə səfirliyi və beynəlxalq təşkilatlar yanında nümayəndəlikləri mövcuddur: “Bu istiqamətdə addımlar atılır və bundan sonra da atılacaq. Şübhəsiz ki, Azərbaycan öz diplomatik korpusunu müxtəlif ölkələrdə səfirlik və konsulluqlar yaratmaqla gücləndirmək istiqamətində işlərini davam etdirəcək”.

Deputat Azərbaycanda yaşayan yəhudi icmasına münasibətdən, ölkədə mövcud olan tolerantlıqdan da bəhs edib. O bildirib ki, Azərbaycan bu gün bütün dünyaya tolerantlıq sahəsində nümunə olan dövlətdir və Azərbaycanın bu modelini bütün dövlətlər, hətta ən inkişaf etmiş dövlətlər əsas kimi götürməlidir.

Səxavət


Müəllif: