29 Aprel 2014 13:04
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərdar Cəlaloğlu: “Əli Əliyevin sədr olmasını cəmiyyət qəbul etməyəcək”

Əli Əliyev: “Şəxsən mənim üçün sədrin kim olması texniki məsələdir”

Azərbaycan Demokrat Partiyası (ADP) və Vətəndaş və İnkişaf Partiyası (VİP) birləşmək məsələsini müzakirə etmək üçün danışıqlara başlayıb. Hər iki partiya komissiyalar yaradaraq təkliflər hazırlayırlar.

ADP sədri Sərdar Cəlaloğlu rəhbəri olduğu partiya ilə VİP-in birləşmə perspektivindən danışıb. Onun sözlərinə görə, eyni siyasi mövqeni paylaşan partiyaların olması siyasi institutların inkişafını əngəlləyir. S. Cəlaloğlu vurğuladı ki, ADP-nin birləşmə ilə bağlı təcrübəsi var: “Azərbaycan Partiyası, Demokratik Azərbaycan Partiyası, Rəsul Quliyevin Demokratiya və Ekologiya Fondu, ümumilikdə, 7 partiya ilə birləşmək təcrübəmiz olub. Biz hətta Müsavat Partiyasına birləşməklə bağlı təkliflər etmişdik. ADP inteqrasiya ilə bağlı hər zaman təşəbbüskar, güzəştlərə hazır olub. Bu mənada VİP-lə birləşməklə bağlı müzakirələrin başlanmasında bizim üçün təəccüblü heç nə yoxdur. İndi biz VİP-in təkliflərini gözləyirik. Təkliflər real olacaqsa, onu praktiki tətbiq etməklə uğur qazanmaq mümkün olacaqsa, razılığımızı verəcəyik”.

“Əli Əliyevin elə bir xüsusi kriteriyası yoxdur ki, məndən öndə olsun”

ADP sədri əlavə edib ki, rəhbərlik etdiyi partiya VİP-lə əməkdaşlığın müxtəlif formalarını sınaqdan keçirib: “Amma bir partiya olaraq fəaliyyət göstərməmişik. Hələ 2006-cı ildə hesab edirdim ki, Əli Əliyevin siyasi perspektivi var. Əgər o, mən deyən yolla getsəydi, daha çox uğur qazana bilərdi. Ona ADP-də yüksək post təklif etmişdim. ADP-də kimin hansı postda olmasının elə bir fərqi yoxdur. Mən dəfələrlə sədr postunu kiməsə güzəştə getmişəm. İlyas İsmayılov, Rəsul Quliyevin müavini olmuşam. Hətta indi Əli Əliyevin ADP-yə gəlməsi fonunda mənim və ya onun müavin olması problem yaratmır. İlyas İsmayılovun, Rəsul Quliyevin yaş və dövlətçilik təcrübəsi baxımından kriteriyaları məndən üstün idi. Təvazökarlıqdan uzaq da olsa, deməliyəm ki, Əli Əliyevin elə bir xüsusi kriteriyası yoxdur ki, məndən öndə olsun. Bu mənada mənim müavin, onun sədr olmasını cəmiyyət qəbul etməyəcək”.

“Partiyaların birləşdirilməsi üçün bir çox problemlər mövcuddur”

VİP sədri Əli Əliyev isə qeyd etdi ki, partiyalar qarşılıqlı komissiyalar yaradıb və artıq komissiyaların ötən həftə görüşü keçirilib: “Komissiyanın işinə hər iki tərəfdən kifayət qədər məsuliyyətli şəxslər cəlb edilib. Biz tərəfdən sədrin 3 müavini, ADP tərəfdən sədrin iki müavini və MNTK sədri təmsil olunur. Tərəflər bir-birini dinləyib və növbəti görüş üçün zəmin hazırlamaq üçün fasilə götürüblər. Bu həftə sədrlərin iştirakı ilə daha bir görüş planlaşdırılır. Orada biz əməkdaşlığın mümkün formalarını müzakirə etmək niyyətindəyik”.


VİP sədrinin fikrincə, partiyalar cəmiyyətdə olan siyasi ovqatdan irəli gələn müəyyən zəifliklərə malikdirlər: “Təmərküzləşmə və imkanların ümumiləşdirilməsi yalnız işə fayda verə bilər. Biz ADP ilə mümkün qədər inteqrasiyanın tərəfdarıyıq. Partiyaların birləşdirilməsindən başlamış hər hansı bir formada ikitərəfli münasibətlərimizin davam etməsi spektrində əməkdaşlığa qədər müzakirələr aparılır”.
Ə.Əliyev vurğulayıb ki, partiyaların birləşdirilməsi üçün danışıqlar aparılmır: “Partiyaların birləşdirilməsi üçün bir çox problemlər mövcuddur. Ən vacibi isə psixoloji problemdir. Partiyaların birləşdirilməsi və ya ortaq partiya yaradılması psixoloji cəhətdən çətindir. Biz yaxınlaşmanın mərhələli həyata keçirilməsinin tərəfdarıyıq”.

Ə.Əliyev bildirib ki, gündəlikdə kiminsə sədr vəzifəsi tutması kimi məsələ mövcud deyil: “Onun da yolunu tapmaq mümkündür. Mənim Sərdar bəylə bağlı heç bir kompleksim yoxdur. ADP sədri kifayət qədər yaxşı insan, siyasətçi kimi lazım olan bütün keyfiyyətlərə malikdir. Onun məlumatlılığı, intellekti, siyasi həyatda təcrübəsi genişdir. Xüsusən bizim partiyanın ərsəyə gəlməsində mənəvi və təcrübə mübadiləsi baxımından xüsusi rolu var. Ona görə də Sərdar bəyə öz yaxın adamımız kimi baxırıq. Mən sədrin, müavinin, Məclis sədrinin kim olmasına texniki məsələ kimi baxıram. İnteqrasiyanın daha dərin forması baş tutarsa, onların da həlli tapılacaq”.

“Müxalifətin beşincisi olmaqdansa, hakimiyyətin 55-cisi olmaq daha düzgün xəttdir”

O, S.Cəlaloğlu ilə 2006-cı ildə də sədr məsələsi müzakirə etdiklərini xatırladıb: “Mən Azərbaycanın siyasi həyatında yeri və rolu olan siyasi təşkilatın bölünməsindən sonra yaranmış bir qurumun rəhbəriyəm. Azərbaycanda nəsillər arası mükalimə mövcuddur. Etiraf edirəm ki, indiki müzakirəmizdə də bu məsələdən bəhs etdik. Şəxsən mənim üçün sədrin kim olması texniki məsələdir. Müxalifətin birgə tədbirində bildirmişdim ki, müxalifətin üçüncüsü, beşincisi olmaqdansa, hakimiyyətin 55-cisi olmaq daha düzgün xəttdir. Bu mövqeyimdə qalıram”.

NƏRGİZ


Müəllif: