1 May 2014 13:01
1 519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi dövlət qəzeti “Azərbaycan”ın baş redaktoru, deputat Bəxtiyar Sadıqov “Azadlıq” qəzetinə çağırış edib.

Aprelin 30-da “Azərbaycan” qəzetində Bəxtiyar Sadıqovun “Xəyanətkarlara tribuna verməyin özü də xəyanətin bir formasıdır” məqaləsi dərc olunub. Mayın 1-də keçmiş müdafiə naziri Rəhim Qazıyev bu məqaləyə “Azadlıq” qəzetində cavab verib.

Mayın 1-də bununla bağlı “Media forum” saytına açıqlamasında Bəxtiyar Sadıqov deyib: “Mən təəssüf edirəm ki, “Azadlıq” yenə xəyanətkarlara səhifələrində yer verib. Rəhim Qazıyevə cavab vermək fikrində deyiləm. Çünki bu onun üçün çox şərəfli olardı. Əslində bu varlıq Şuşanın işğalından sonra mənim nəzərlərimdə ölüb. O təkcə vətənə xəyanət etməyib, kişiliyin yazılmayan qanunlarına da xəyanət edib. Başına vəd etdiyi gülləni çaxmasa da, xalqımız artıq onu ölmüş bilir”.

Rəhim Qazıyevin “Azadlıq”a açıqlamasında Bəxtiyar Sadıqovu müharibədə vuruşmamaqda ittiham etməsi məsələsinə gəlincə, Bəxtiyar Sadıqov bildirib: “Mən Ağdamın ən ağır günlərində öz camaatımın yanında olmuşam. Onları qaçqın şəhərciklərində də tək qoymamışam. Əldə qələm daim səngərlərdə, həqiqi vətənpərvər oğulların yanında olmuşam. Bunu bilənlər bilir. Üstəlik müharibədən bəhs edən 3 kitab müəllifiyəm. Bunlarla həmişə qürur duysam da, heç zaman reklam etməmişəm. İndi də sözgəlişi dedim.

Bir daha deyirəm: canlı meyitlərlə polemikaya girməyə vaxtım və həvəsim yoxdur.

Sonda üzümü “Azadlıq”a tuturam: əgər çirklənməkdən qorxursunuzsa, səhifənizi Rəhim kimilərlə çirkləndirməyin”.

Qeyd edək ki, Bəxtiyar Sadıqovun “Xəyanətkarlara tribuna verməyin özü də xəyanətin bir formasıdır” məqaləsində əsasən jurnalistlərin hər adama tribuna verməsinin doğru olmadığından bəhs edilir. Müəllif bildirir: “Jurnalistin qəzetdə yazdığı, televiziyada söylədiyi, saytda yerləşdirdiyi söz ictimailəşdirilmiş hesab olunur. Onun öz müsahibinin fikirlərini də ictimailəşdirmək imkanı var: dediklərini KİV-lərdə yerləşdirməklə! Əslində bu həmin insanlara tribuna verilməsidir. Ancaq jurnalist bu səlahiyyətindən sui-istifadə etməməli, yalnız həqiqəti deyənə və yazana həmin tribunanı verməlidir! Necə deyərlər yüz ölçüb, bir biçməlidir!

Və öncədən özünə “Kimə tribuna veririk?”, “Kimin fikirlərini cəmiyyətə çatdırırıq?”, “Kimin mövqeyini bəyənib, təqdim edirik?” - suallarını da verməlidir.

Əvvəlcə özlüyümüzdə bu məqamları aydınlaşdırmalıyıq. Daha bir neçə suala da cavab aldıqdan sonra “seçdiklərimizin” fikirlərini cəmiyyətə çatdırmaq barədə “qərar” qəbul etməliyik:

“Bu insan mətbuata çıxarılmağa layiqdirmi?”

“Onun xalqa söz deməyə, yaxud söylənilən fikirlərə münasibət bildirməyə mənəvi haqqı varmı?”

“Mən kimləri insanların həmsöhbətinə çevirirəm?”

Bunlar heç də az əhəmiyyətli məsələ deyil! Xüsusən nəzərə alsaq ki, hər ay, hər həftə, hətta hər gün mətbuatla maraqlanan yeni insanlar oxucular sırasına qoşulurlar və hələ onlar ləyaqətli insanlarla mənəvi haqlarını itirmişləri tanıyaraq ayırd edə bilmirlər, onda jurnalistin bu məsələdə də çox böyük məsuliyyət daşıdığı aydın olur.

Bu gün həyatda cismən yaşasalar da mənən ölmüş, Azərbaycan xalqının gözündən düşmüş bir qism insanlar var ki, onların qəzet səhifələri, elektron informasiya vasitələrinə çıxarılması oxucularda təəccüb və ikrah hissi doğurur! Hansı qələm əhlisə özünə, çalışdığı KİV-ə hörmət etməyə bilər! Bu onun öz işidir! Amma oxucuya hörmətlə yanaşmaq hamının borcudur!

Həm də ona görə ki, oxucularsız biz heç kimik!”

Daha sonra Bəxtiyar Sadıqov məqaləsində qeyd edib ki, bu gün hansısa mövzuda, nəsə yazmaqla kimisə təəccübləndirmək çox çətindir: “Çünki yalanın doğruya qarışdırıldığı, ucuz sensasiya naminə addımbaşı həqiqətin təhrif edildiyi bir zamanda oxucu yalanla doğru arasında çaşıb qaldığından təəccüb hissini yadırğamaqdadır.

Dediyi sözə və yazdığı fikrə görə ölkəmizdə jurnalistlər məhkum olunaraq həbsxanaya atılmadıqlarına görə mətbuatdakı şər və böhtanın hüdudları hədsiz dərəcədə genişlənib. Odur ki, hansı bir məsələ ilə bağlı özlərinin varlıqlarını yada salmaq istəyənlərə qəzet, yaxud sayt müxbiri sual verəndə sual verənin “mövqeyini” (əslində marağını) ikiəlli dəstəkləməyə, iqtidarı şərləməyə, nəsə bir “orjinallıq” etməyə çalışırlar.

Ötən əsrin 90-cı illərində yaşayanlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsində baş verənləri diqqətlə izləyənlər, həmin dövrdəki hadisələrlə bağlı məhkəmə proseslərindən xəbəri olanlar kimin kim olduğunu yaxşı bilirlər! Azərbaycan xalqına və dövlətinə xəyanət edənləri də yaxşı tanıyırlar! Jurnalist baş verənləri öyrənib bilməlidir! Onun xəyanətkarları tanımamağa haqqı yoxdur! Ən azı ona görə ki, öyrənib biləndən sonra yazmaq onun peşə borcudur! Yaxud ola bilər ki, kimsə qəzetinin səhifəsinin təmizliyi qayğısına qalmayaraq qara ləkəliləri vaxtaşırı oraya çıxarır! Yaxşı, heç olmazsa vicdanınızın (əgər varsa) çirklənməsinə yol verməyin!

Rəhim Qazıyevin və Ələkrəm Hümbətovun Azərbaycan xalqına və dövlətinə xəyanət etməsi hamıya gün kimi aydın faktdır! Onların bəd əməlləri məhkəmə qarşısında, şahid və sənədlərin vasitəsilə tam sübuta yetirilərək ömürlük həbsə məhkum olunmuşdular. Və bu gün ona görə azadlıqda deyillər ki, sonradan günahsız olduqları bilindi, yaxud bəraət alıblar. Yox! Sadəcə dövlət başçısı alicənablıq və humanistlik göstərərək onları əfv etdi. O insanlar bu mərhəmətdən və tövbə etmək imkanından bəhrələnmək əvəzinə əvvəlki əməllərini başqa formada davam etdirirlər. Bəzi qəzetlər isə vicdanlarında Azərbaycan övladlarının da qanı olan bu insanlara tribuna verməkdən sanki zövq alırlar!

Rəhim Qazıyev nə vaxtdan “ekspert” olub? Onun qərəzli fikirləri hansı oxucu üçün maraq kəsb edər? Niyə şəklini qəzetdə görüb gözümüzü ağrıtmalıyıq?

Yaxud Ələkrəm Hümbətov öz xəyanətkarlığını yeni bir formada - ermənilərlə işbirliyi şəklində davam etdirirsə, Yerevana gedərək düşmənçilik tədbirlərinə qatılırsa, bunun gen-bol işıqlandırılmasının nə mənası var?

Belə yazılar oxucuya qanqaralığından başqa nə verir? Xalqın lənət damğası ilə unudulanları yenidən yada salmağın, gündəmə gətirməyin nə mənası var? Xüsusən də qozbelin yalnız qəbir evində düzələcəyini biliriksə!

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu problem ətrafında baş verənlər Azərbaycan xalqının təkcə dövlət marağı yox, həm də şərəf məsələsidir! Biz 20 min şəhid verib, 20 faiz torpaq itirmişik! Ermənilərə girov düşən gəlin və qızlarımızın namusu ləkələnib və hələ bunların heç birinin qisasını almamışıq! Bu münaqişə ilə bağlı erməniyə hər hansı formada haqq qazandıran, onun mövqeyini müdafiə edib dəstəkləyən həm də Azərbaycan xalqının şərəfinə toxunmuş olur! Çox təəssüf ki, adları azərbaycanlı olsa da, belələri tapıldı! Onlar nəinki düşmən dəyirmanına su tökdülər, hətta informasiya müharibəsində ermənilərə “kömək əllərini” uzatdılar”.


Müəllif: