1 May 2014 17:05
460

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Teleqraf.com xəbər verir ki, spiker Azərbaycanın İsrail dövləti ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. Qeyd edib ki, dövlət başçılarının görüşləri və yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri zamanı aparılan danışıqlar əməkdaşlığımızın daha da dərinləşməsi üçün yaxşı zəmin yaratmışdır. Bu günədək ölkələrimiz arasında 7 sənəd imzalanmış, 6-sı isə baxılmaq üzrədir.

Milli Məclisin sədri yüksək səviyyəli siyasi dialoqun iqtisadi münasibətlərimizə də müsbət təsir göstərdiyini söylədi. Bildirildi ki, ötən il dövlətlərimiz arasında ticarət dövriyyəsi 1 milyard 300 milyon ABŞ dolları həcmində olmuşdur. Biz gələcəkdə bu göstəricini yüksəltmək niyyətindəyik.

Spiker münasibətlərimizin dərinləşməsində parlamentlərin roluna diqqət çəkərək, deputatların qarşılıqlı səfərlərini və görüşlərini önəmli hesab etdi.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Aviqdor Liberman siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrimizin inkişafından məmnun qaldığını söylədi. O, parlamentlərarası əlaqələrimizin dərinləşdirilməsini günün tələbi hesab etdi. Bu baxımdan parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğuladı.

Qonaq Azərbaycanda mövcud olan tolerantlığı digər dünya dövlətləri üçün nümunə kimi dəyərləndirdi. Qeyd edildi ki, ölkədə müxtəlif millətlərin və dini məzhəblərə məxsus xalqların dostluq və qarşılıqlı anlaşma şəraitində uzun illərdən bəri davam edən birgə yaşayışı həqiqətən heyrətamizdir.

Nemət


Müəllif: