1 May 2014 18:06
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

"5 ildir ki, 1 May Beynəlxalq Zəhmətkeşlər Gününü qeyd etmirik. 1999-cu ildə bu günü qeyd etməyə cəhd elədik. Düzdür, mitinqə üç minə yaxın adam gəldi, amma həvəssiz görünürdülər. İnsanlarda 1 Maya maraq yoxdur".

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə ölkədə Beynəlxalq Zəhmətkeşlər Gününün qeyd olunmamasına münasibət bildirərkən qeyd edib. Onun sözlərinə görə, bu gün rəsmi şəkildə qeyd olunmalıdır: "Zəhmətkeşlər Günü Rusiyadan, kommunizmdən qalma deyil. Bu gün ilk dəfə Amerikada yaranıb. Biz fəhlə hərəkatını dövlət qeydiyyatından keçirmək istəyəndə hakim Südabə Həsənova qərarda göstərdi ki, ölkədə sənaye müəssisələri olmadığı üçün fəhlələr də yoxdur. Fəhlə yoxdursa, Zəhmətkeşlər Gününün keçirilməsinə nə ehtiyac var? Gərək, ölkədə fəhlə olsun ki, Zəhmətkeşlər Günü qeyd edilsin".

A.Əlizadənin sözlərinə görə, xalq cəbhəsinin hakimiyyəti illərində hətta deputatlar sosializmin, 1 May Gününün mahiyyətini dərk etmirdilər: "Keçmiş təhsil naziri Firudin Cəlilov deputat olanda çıxış edib dedi ki, 9 May Qələbə Günü ləğv olunmalıdır. O, hesab edirdi ki, almanlar 9 Mayı qələbə günü kimi qeyd etdiyimizi görsələr bizdən inciyər. Amma başa düşmürdü ki, almanların özləri də faşizm üzərində qələbəni bayram kimi qeyd edirlər. Biz sosializmdə yaşamadıq. Sosializm adlı qəfəsdə yaşadıq. Sosializm görmək istəyənlər İsveç, Finlandiya, Hollandiyaya getsinlər".

ASDP sədri qeyd etdi ki, Azərbaycanda yanlış olaraq əksəriyyət "sosializm", "kommunizm" deyəndə Rusiyanı söyməyə başlayır: "Rusiyanı söyən Vəfa Quluzadə yaxşı olardı ki, səhər duranda güzgüdə özünə baxsın. O, uzun müddət SSRİ Xarici İşlər Nazirliyində çalışıb. O vaxt dipolmatlar sovet "KQB"si ilə əməkdaşlıq edirdilər. Vəfa Quluzadə bu əməkdaşlığından danışmalıdır".

Ruslan


Müəllif: Teleqraf.com