1 May 2014 20:36
629

Müsavat Partiyası mayın 4-nə təyin etdiyi mitinqini təxirə salıb. Ancaq partiyadan bildiriblər ki, aksiyanı yaxın zamanlarda keçirəcəklər. Bu haqda danışan Müsavat Partiyasının mərkəzi icra katibi Arif Hacılı deyib ki, mitinqlə bağlı müəyyən məsələhətləşmələr aparılır. Onun sözlərinə görə, bu həftə NİDA-çı gənclərin məhkəmə prosesinin yekunlaşmasının gözlənilməsi və digər amilləri nəzərə alaraq qərara gəlinib ki, aksiya gələn həftə keçirilsin.

Arif Hacılı hesab edir ki, müxalifət düşərgəsində olduğunu elan edən siyasi partiyalar birgə mitinq keçirə bilər: “Böyük ehtimalla gələn həftə mitinq keçiriləcək. Bu, Müsavatın qərarıdır. Biz siyasi fəalların azadlığında maraqlı olan bütün siyasi və ictimai qüvvələrin aksiyada iştirak edəcəyini düşünürük”.
Bununla belə Hacılı deyib ki, onlar əsasən ictimai təşkilatlarla müzakirə aparıblar: “Müəyyən müzakirələr aparılır. Hüquq müdafiə qurumları, gənclər təşkilatları ilə müzakirələrimiz gedir. Amma siyasi qüvvələrdən bu mitinqdə iştirakla bağlı müraciət daxil olmayıb. Əgər belə müraciət daxil olarsa, müzakirələr aparmağa hazırıq”.

Müsavat funksioneri daha sonra təmsil etdiyi düşərgədə yaşanan süstlükdən danışıb: “Müxalifətin rəqibi olaraq hakimiyyət bu istiqamətdə siyasət aparır. Ardıcıl və sistemli siyasəti nəticəsində faktiki olaraq siyasi fəallıq azalıb. Müxalifət düşərgəsi bu süstlükdən çıxmaq üçün müzakirələr aparır”.

Arif Hacılı Müsavatın mayın sonunda keçirməyi planlaşdırdığı qurultaydan da danışıb. Deyib ki, Bakı Şəhər İcra Hakimiyyəti partiyanın qurultaya yer ayrılması ilə bağlı müraciətinə hələ də cavab verməyib:
“Çox qəribə hal ondan ibarətdir ki, Bakı Şəhər İcra Hakimiyyəti nəinki Müsavata qurultayını keçirmək üçün yer ayırmır, hətta Müsavat Partiyasının bu barədə müraciətinə cavab vermir. Məhkəməyə müraciət etmişdik və məhkəmə də prosesi uzadır. Yaranan vəziyyətlə bağlı yaxın günlərdə partiyada müzakirə aparılacaq. Müsavat Partiyasının Nizamnaməsinə uyğun olaraq, qurultayın keçirilməsindən artıq xeyli müddət keçib və biz təcili olaraq qurultayımızı keçirib, strukturlarımızı yenidən müəyyənləşdirərək fəaliyyətimizi davam etdirməliyik. Eyni zamanda qurultay məsələsinin uzanması partiyanın fəaliyyətinə müəyyən problemlər yaradır. Partiyanın Nizamnaməsinə uyğun olaraq strukturların yenidən formalaşması, rəhbər şəxslərin yenilənməsi və başqa addımların atılması bütün hallarda istənilən partiyanın dinamikliyinə və çevikliyinə müsbət təsir göstərir. İndi bizə yer ayrılsa, mayın 24-də qurultay keçirə bilərik. Çünki qurultayın keçirilməsi üçün təxminən bir neçə həftə vaxt lazımdır. Ancaq görünür ki, yaxın vaxtlarda Müsavata yer ayırmaq niyyəti yoxdur. Bu səbəbdən, çox güman ki, mayın 24-də qurultayı keçirmək mümkün olmayacaq”.

Cavidan


Müəllif: