15 Aprel 2014 12:10
646

Mübariz Qurbanlı: “Prezidentin çıxışı proqram xarakterlidir və bütün sahələri əhatə edir”

Asəf Hacıyev: “Bu çıxış ölkəmizin müstəqil siyasət yürütdüyünü bir daha təsdiqlədi”

Aprelin 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Prezident giriş nitqində 2014-cü ilin birinci rübündə də Azərbaycanın dinamik inkişaf etdiyini, iqtisadiyyatın 2,5 faiz artdığını, ümumi daxili məhsulun səviyyəsinin yüksəldiyini, qeyri-neft sektorunun iqtisadiyyatdakı çəkisinin çoxaldığını bildirib.

Dövlət başçısı xarici siyasətlə bağlı da fikirlərini bölüşüb. “Bizim xarici siyasətimiz açıqdır, prinsipialdır və beynəlxalq hüquqa, ədalətə söykənir”, - deyən Prezident bütün bunların ölkəmizə böyük rəğbət yaratdığını qeyd edib. İlin əvvəlindən etibarən xaricə səfərlərində, iştirak etdiyi beynəlxalq tədbirlərdə bir daha Azərbaycana verilən yüksək önəmin şahidi olduğunu qeyd edən İlham Əliyev ikitərəfli formatda görüşlərin də səmərəli keçdiyini vurğulayıb. İşğalçı Ermənistanın təcavüzkarlıq siyasəti barədə danışan dövlət başçısı qeyd edib ki, Ermənistana qarşı çoxdan sanksiyalar tətbiq olunmalı idi: “Çünki Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, etnik təmizləmə siyasəti aparıb, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini pozub, Xocalı soyqırımını törədib”.

İclasın yekunlarını və dövlət başçısının çıxışını şərh edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirib ki, cənab Prezident vaxtaşırı olaraq həm rübün, həm də ilin yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasına sədrlik edərək, görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı çıxış edir və Azərbaycan cəmiyyətini, ictimaiyyətini ölkədə həyata keçirilən siyasətin bütün tərəfləri ilə yaxından tanış edir. Onun sözlərinə görə, Prezidentin həyata keçirdiyi siyasət ölkəmiz üçün çox ciddi uğurlar, nailiyyətlər vəd edir: “Bizim əldə etdiyimiz uğurlar bütün sahələri əhatə edir. Bilirsiniz ki, bu il ”Sənaye ili" elan olunub və cənab prezident ölkəmizin sənayecə inkişaf etmiş ölkələr sırasına daxil olması üçün mərhələli olaraq uğurlu bir planın həyata keçirilməsini hədəf kimi qarşıya qoyub. Prezidentimizin çıxışında və hökumətin üzvü olan nazirlərin çıxışlarında da göründüyü kimi Azərbaycan 2014-cü ilin birinci rübündə sosial-iqtisadi sahədə çox mühüm irəliləyişə imza ata bilib. Ölkəmiz həm enerji sektorunda, həm də ərzaq təhlükəsizliyi sahəsində mühüm irəliləyişlərə nail olub".

Dövlət başçısının xarici siyasət məsələlərinə də toxunduğunu vurğulayan M. Qurbanlı qeyd edib ki, Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar həyata keçirilən siyasətdən danışaraq uğurlarımızı qeyd etməklə bərabər, ciddi vəzifələri vurğulayıb: “Bundan əlavə Prezidentimizin nitqində korrupsiyaya qarşı mübarizə, ölkədə nizam-intizam, hökumət üzvlərinin xalqla təmasının daha da genişlənməsi, abadlıq-quruculuq işləri, gələcəkdə qarşıda dayanan vəzifələr, o cümlədən 2015-ci ildə Avropada ilk dəfə olaraq olimpiya oyunlarının Bakıda keçirilməsi və bununla bağlı görülən işlərə toxunuldu. Bütövlükdə, prezidentimizin çıxışı proqram xarakterli çıxışdır. Bu çıxış bütün sahələri əhatə edir. Həmçinin, hər bir sahə üzrə ciddi vəzifələr müəyyən edərək onun həlli yollarını göstərir”.

Milli Məclisin deputatı Asəf Hacıyev isə bildirib ki, Azərbaycanda inkişaf davam edir və bu, Prezidentin çıxışında da özünü göstərdi: “Bizə yaxın qitə olan Avropada hələ də böhranın izləri görünməsinə baxmayaraq, Azərbaycan öz inkişaf yolunu davam etdirir. Digər tərəfdən cənab Prezident Azərbaycanın beynəlxalq əlaqələri barədə danışdı. Bu əlaqələr də getdikcə genişlənir. Bir neçə gün öncə cənab Prezident İrana səfər etdi. Bu səfər bir daha göstərdi ki, Azərbaycan bir dövləti çıxmaq şərtilə bütün qonşularla sülhsevər əməkdaşlıq siyasəti aparır və əməkdaşlıq etmək istəyir. Çünki bu qonşusu Azərbaycan torpaqlarını işğal edib. Bilirsiniz ki, son günlər gündəmdə Ukrayna ilə Rusiya arasında olan münasibətlərdir. ABŞ başda olmaqla Qərb ölkələri bir-birinin ardınca Rusiyaya sanksiya tətbiq etməkdədirlər. Cənab prezident çox haqlı olaraq dedi ki, Azərbaycan torpaqları 20 ildən artıqdır işğal altında olsa da, işğalçıya qarşı heç bir sanksiya tətbiq olunmur. Prezidentin bu çıxışı ölkəmizin müstəqil siyasət yürütdüyünün daha bir göstəricisi oldu”.

SƏXAVƏT


Müəllif: