5 May 2014 11:18
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şuranın mayın 3-də keçirilən sessiyasında AXCP üzvlərinin quruma kütləvi şəkildə üzvlüyünə etiraz olaraq Milli Şuranı tərk edən KXCP-çilər hələ də mövqelərini müəyyən etməyiblər.

KXCP və Milli Şuranın üzvü Ədalət Yusifov Teleqraf.com-a açıqlamasında bildirdi ki, partiya qurumu tərk etməyib: "Milli Şuranın şənbə günü keçirilən sessiyasında narazılıq olub. Bir neçə KXCP üzvü sessiyanı tərk etmişdi, amma sonradan onların nümayəndəsi iclasa qayıdıb Milli Şurada qaldıqlarını bəyan elədi".

Qeyd edək ki, Milli Şuranın sessiyasında yeni üzvlərin qəbulu müzakirə edilərkən KXCP üzvü Akif Hüseynov siyahıda əsasən cəbhəçilərin olmasına etiraz olaraq iclası tərk edib. Onunla bərabər KXCP sədri Mirmahmud Mirəlioğlu və daha bir neçə nəfər Milli Şuradan getdiklərini bəyan ediblər.

KXCP sədrinin müavini Xəzər Teyyublunun sözlərinə görə, Milli Şurada vaş verənlərə səbəb AXCP sədri Əli Kərimlinin qurumun üzvlüyünə təqdim etdiyi siyahı oldu: "Yeni üzvlər əsasən AXCP Ali Məclisinin üzvlərindən ibarət idi. Mirmahmud bəy və daha bir neçə partiya üzvümüz bu ədalətsizliyə etiraz etdilər. Onlar Milli Şuradan getdiklərini bəyanladılar. Amma hələlik KXCP Milli Şuranı tərk etməyib. Yaranmış son durumu müzakirə edib qərarımızı verəcəyik".

Bildirək ki, KXCP üzvlərinin etirazından sonra AXCP sədri Əli Kərimli çıxış edərək yeni üzvlərin qəbulunun dayandırıldığını bəyan edib. Amma bu da KXCP-dəki narazılığı aradan qaldıra bilməyib.

Teleqraf.com-a daxil olan məlumata görə, KXCP yaxın vaxtlarda Milli Şura ilə bağlı konkret qərar qəbul edəcək. Partiyanın Milli Şurada təmilçiliyi formal xarakter daşıyacaq, özü isə müstəqil qərarlar qəbul edəcək. KXCP Milli Şuranın qərarından asılı olmayaraq bələdiyyə seçkilərində iştirak edəcək.

Ayxan


Müəllif: