15 Aprel 2014 15:23
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin dekabr ayında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Teleqraf.com bəzi siyasi partiyaların seçkidə iştirak edib-etməyəcəyi barədə sorğu keçirib.

Müsavat Partiyası başqanın müşaviri Mustafa Hacıbəyli sualımıza cavabında partiyanın seçkilərdə iştirak edəcəyini dedi. Onun sözlərinə görə, Müsavat Partiyasının Məclisində seçkilərdə iştirak etmək barədə qərar qəbul edilib: “Bununla bağlı müvafiq strukturlara tapşırıqlar verilib. Eyni zamanda seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə əlaqədar mübarizənin genişləndirilməsi də həmin qərarda öz əksini tapıb."

O, qeyd etdi ki, partiya seçkilərdə mümkün qədər çox namizədlə iştirak etməyi planlaşdırır.

Müsavatın hər hansı siyasi qurumla seçkilərə koalisiya şəklində qatılma ehtimalına gəlincə, M.Hacıbəyli siyasi partiyalarla əməkdaşlığın mümkün olduğunu vurğuladı: “Müsavat öz namizədlərini müəyyənləşdirəcək, seçkiyə qatılacaq. Növbəti mərhələdə digər qurumlar da seçkiyə qoşularlarsa, onlarla da hər hansı əməkdaşlıq mümkündür”.

M.Hacıbəyli konkret olaraq AXCP ilə əməkdaşlığın mümkünlüyünə də toxunub: “Əgər AXCP seçkilərə qoşulmaq barədə qərar versə və Müsavata əməkdaşlıq təklif etsə, bu, partiya daxilində müzakirə edilə bilər”.

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirdi ki, partiya seçkilərdə iştirak edəcək. Onun sözlərinə görə, BAXCP-nin əsas prinsiplərindən biri ölkədə keçirilən bütün seçkilərdə iştirak etməkdir: “Təbii ki, nəticə önəmlidir, amma biz seçkilərdə iştirak etməyi, onun nəticələrindən daha önəmli hesab edirik. Seçki prosesində həm partiyanın təbliğatı, həm də onun təqdim etdiyi islahat paketinin insanlara təqdin olunması üçün geniş imkanlar yaranır”.

O qeyd etdi ki, BAXCP bütün bələdiyyələr üzrə müvafiq namizədlər irəli sürməkdə qərarlıdır: “Artıq bu istiqamətdə müvafiq işlərə başlanılıb”.

AXCP sədrinin müavini Razi Nurullayev isə AXCP ilə Müsavatın yenidən əməkdaşlığının mümkün olmadığını bildirdi: “AXCP ilə Müsavat Partiyası arasında əməkdaşlıq artıq keçilmiş mərhələdir. Bununla bağlı artıq neçə illərdir səylər göstərilib, toplantılar keçirilib. Ona görə də yenidən bu məsələyə qayıtmaq artıq vaxt itkisidir”.

R.Nurullayev qeyd etdi ki, sözügedən partiyalar arasında əməkdaşlıq Milli Şura çərçivəsində olub: “Müsavat Partiyası Milli Şuradan çıxandan sonra bu əməkdaşlıq dayandırıldı. AXCP isə Milli Şurada fəaliyyət göstərir”.

Sədr müavini həmçinin bildirdi ki, partiya hələ də bələdiyyə seçkilərində iştirakla bağlı qərar verməyib.

ADP sədri Sərdar Cəlaloğlu da partiyasının bələdiyyə seçkilərində iştirak edəcəyini bildirdi. O, qeyd etdi ki, ADP həmçinin Seçki Məcəlləsinə və “Bələdiyyə haqqında” qanuna dəyişikliklər edilməsinin tərəfdardır:

“ADP bələdiyyə seçkilərinə “Qarabağ” blokunun tərkibində qatılacaq”.

Eldar


Müəllif: