6 May 2014 15:03
524

İlham Əliyev: “Gürcüstan-Türkiyə-Azərbaycan əməkdaşlığı bölgə və dünya üçün böyük əhəmiyyət kəsb edir”

Bu gün Tiflisdə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin üçtərəfli sammiti keçirilib. Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və Türkiyə prezidenti Abdullah Gül əvvəlcə xatirə şəkli çəkdiriblər. Sammiti prezident G.Marqvelaşvili açıb.

Sonra prezident İlham Əliyev və prezident Abdullah Gül çıxış ediblər. Prezident ilk növbədə Gürcüstan prezidentinə bu təşəbbüsə görə minnətdarlığını bildirib.

Dövlət başçısı qardaş Gürcüstan toprağında yenidən olmasından məmnunluğunu ifadə edib.

İlham Əliyev bildirib ki, prezidentlər rəsmi qaydada sammitə toplaşıblar: “Əminəm ki, sammitin çox gözəl nəticələri olacaq. Ölkələrimiz arasındakı əlaqələr böyük tarixə malikdir. Həm ikitərəfli əlaqələr çox yüksək səviyyədədir, üçtərəfli formatda biz bir çox hallarda birgə səylər göstəririk, birgə təşəbbüslər irəli sürürük. Və bu gün Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığı nəinki ölkələrimiz üçün, eyni zamanda, bölgə üçün və dünya üçün böyük əhəmiyyət kəsb edir. Çünki bizim əməkdaşlığımızın təməlində ortaq maraqlar dayanır. Eyni zamanda, bizim birgə həyata keçirdiyimiz layihələr regional çərçivələrdən çıxıb, qlobal məna daşımaqdadır. Ona görə sammitin keçirilməsi özlüyündə çox əlamətdar bir hadisədir, beynəlxalq hadisədir”.

Azərbaycan prezidentinin sözlərinə görə, əlbəttə ki, bu gün müzakirə olunacaq məsələlər mahiyyət etibarilə də çox böyük məna daşıyır: “Əminəm ki, bu gün həm beynəlxalq məsələlər, regional təhlükəsizlik məsələləri, enerji təhlükəsizliyi, nəqliyyat, humanitar sahədəki əməkdaşlıqla əlaqədar biz fikir mübadiləsi aparacağıq və növbəti dövr üçün birgə fəaliyyət planı haqqında da danışacağıq. Bir daha sizə bu təşəbbüsə görə və göstərdiyiniz qonaqpərvərliyə görə minnətdaram”.

Səxavət


Müəllif: