15 Aprel 2014 16:14
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti Belqrad şəhərində səfərdədir.

SAM-dan Teleqraf.com-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə SAM-ın direktor müavini Gülşən Paşayeva, İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Zaur Şiriyev və aparıcı məsləhətçi Ariz Hüseynov daxildir.

Serbiyaya səfərin ilk günü SAM və Beynəlxalq Siyasət və İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Serbiya və Azərbaycan – mövcud geosiyasi mühitdə nailiyyətlər və problemlər” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbiri giriş sözü ilə Beynəlxalq Siyasət və İqtisad İnstitutunun aparıcı elmi işçisi Draqan Dukanoviç və SAM-ın direktor müavini G.Paşayeva açıb. Konfransın “Həll edilməmiş etnik-ərazi münaqişələri: mövcud problemlər və gələcək perspektivlər” mövzusunda olan birinci sessiyasının məruzəçiləri SAM-ın direktor müavini G.Paşayeva, Belqrad Siyasi Elm Universitetinin professoru Predraq Simiç və Belqrad Universiteti fəlsəfə fakültəsinin professoru Darko Tanaskoviç olub. Sessiyaya moderatorluğu Draqan Dukanoviç edib.

“İqtisadiyyat və enerji: əməkdaşlıq imkanları” mövzusunda olan ikinci sessiyada isə məruzəçilər SAM-ın İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri V.Qasımlı, Beynəlxalq Siyasət və İqtisadiyyat İnstitutunun professoru Slobodan Jankoviç və “Medunarodna politika” təşkilatının katibi Vladimir Trapara olub. Sessiyanın moderatorluğunu Zaur Şiriyev aparıb. Tədbir sual-cavab sessiyası ilə başa çatıb.

Daha sonra SAM-ın nümayəndə heyəti Belqrad Universitetinin Sülh Tədqiqatlar Mərkəzində “Xəzər regionunda sülh problemləri” mövzusunda məruzələr ediblər.

Nümayəndə heyətinin Serbiya səfərinin ikinci günü, aprelin 15-də Beynəlxalq Münasibətlər və Davamlı İnkişaf Mərkəzində (BMDİM) keçirilən görüş zamanı SAM və BMDİM arasında birgə fəaliyyət barədə anlaşma memorandumu imzalanacaq. Bu gün həmçinin Serbiya Xarici İşlər Nazirliyində də görüş nəzərdə tutulub.

Səxavət


Müəllif: