6 May 2014 17:54
1 657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laçın Rayon İcra Hakimiyyətinin başçısı, ehtiyatda olan polis polkovniki Akif Səlimov “Laçın yurdu” jurnalının suallarını cavablandırıb. Jurnalın baş redaktoru Arif Məmmədliyə istinadən lachin.info xəbər verir ki, icra başçısı müsahibəsində son günlər bəzi saytlarda gedən dezinformasiyalara da sərt münasibət bildirib.

1989-cu ildən bəri müəyyən fasilələrlə bir qrup qaraniyyətli adamlar tərəfindən ona qarşı şər-böhtan kampaniyası aparıldığını vurğulayan Akif Səlimov indiyədək bu iftiralara əhəmiyyət vermədiyini deyib. Artıq xəstə təxəyyüllü insanların fantaziyalarının məhsulu olan məkrli uydurmaların absurd həddə çatdığını söyləyərək maraqlı açıqlamalar verib. Heç bir fakta söykənməyən, cəmiyyətdə ikrah doğuran “eksklüziv xəbərlər”in məqsədli şəkildə yayılmasına və hardan qaynaqlanmasına aydınlıq gətirib: “Təvazökarlıqdan kənara çıxmasın, ermənilərlə ilk münaqışələr başlayandan proseslərin önündə olmuşam. Təbii ki, o vaxt mərkəzi hakimiyyət vardı. Azərbaycan da digər müttəfiq respublikalar kimi Sovetlər İttifaqının tərkibində idi. Laçınla Görusun sərhəddində hər iki rayonun məsul şəxsləri, o cümlədən hüquq-mühafizə orqanlarının işçiləri görüşürdülər. Bu görüşlərə əvvəlcə polis rəisinin müavini, sonra polis rəisi kimi mən də qatılırdım. Hələ münaqişələr dərinləşməşmədiyindən bir-birimizə güllə atmamaq, günahsız adamları öldürməmək barədə danışıqlar aparırdıq. O zaman həm kriminal hərəkətlərə meylli, həm də müxtəlif səbəblərdən vəzifələrini itirmiş bir qrup insan yaranmış vəziyyətdən şəxsi mənafeləri üçün yararlanmağa çalışırdılar. Məqsədlərinə çatmayanda sabitliyi qoruyan, əlində silah “erməni saqqallıları”na qarşı vuruşan vətənpərvər oğullara ləkə yaxır, öz aləmlərində böhtanlarının inandırıcı görünməsinə “səbəb” də tapırdılar. Hətta sərhəddəki görüşləri Laçının və Gorusun polis rəislərinin “bacanaq” olması ilə əlaqələndirirdilər. Belə görüşlərin birində Gorusun polis rəisindən soruşdum ki, Mişa, sənin arvadın milliyətcə kimdir, haralıdır? Bildirdi ki, arvadım ermənidir, Gorınzır kəndindəndir. Dedim axı qəzetlər bizim bacanaq olduğumuzu yazırlar. O, cavab verdi ki, Gorusda da bəzi adamlar məni “Musurman Mişa” - deyə çağırırlar.

Göranboyda, Qaxda, Cəlilabadda polis rəisi işləyəndə də eyni şayiəni dövriyyəyə buraxırdılar. Bəzən şər-böhtan ustaları dəfələrlə təkrarlayandan sonra öz yalanlarına inanır, başqalarını da inandırmağa cəhd göstərirlər. Belələrinə hesabat vermək fikrindən uzağam. Ancaq onların “yazdıqlarımızı təkzib etmədi” arqumentini əllərinidən alaraq həqiqəti söyləməkdə də bir qəbahət görmürəm. Tərəddüd edənlərə, şübhəsi olanlara bir daha bildirirəm ki, mənim həyat yoldaşım ukraynalıdır. Özündən kiçik bir bacısı var, Krımda yaşayır. Əri də , yeddi arxa dönəni də ukraynalıdır. Mənim isə iki oğlum var. Hər ikisi polis zabitidir.

Azərbaycanda vətənpərvər oğullara qarşı zaman-zaman erməni kartından istifadə ediblər, indi də edirlər. Təəccüblüsü odur ki, nə özü, nə qohum-əqrəbası, nə də yaxınları erməniyə bir güllə atmayanlar şərəfli döyüş yolu keçən insanları ermənilərlə qohumluqda günahlandırırlar. Elə öz timsalımda keçdiyim yola nəzər salanda bu qənaətə gəlirəm ki, mənə etimad göstəriləndə, fəaliyyətimdəki uğurlar az-çox nəzərə çarpanda bədxahlarım daha da fəallaşırlar. Laçınlı gənclərin hərbi sahəyə cəlb edilməsi, peşəkar zabitlərin hazırlanması istiqamətində təşəbbüslər irəli sürmüşük. “Hər ailə dövlətə bir zabit versin!” devizinə qoşulanların sayı artmaqdadır. Hərbi-vətənpərvərlik məsələlərini rayon rəhbərliyi həmişə diqqətdə saxlayır. Dövlət qurumlarından da bizə yüksək səviyyədə dəstək gəlir. Xüsusilə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun köməyini daim hiss edirik. Qarabağ müharibəsinin iştirakçılarına, şəhid ailələrinə, Vətən yolunda sağlamlığını itirənlərə xüsusi qayğı göstəririk. Camaatın arasında böyük ruh yüksəkliyi var. Möhtərəm Prezidentimizin tövsiyələrini əsas tutaraq imkanımız daxilində Laçın camaatının problemləri ilə məşğuluq və dedi-qodulara vaxt ayırmağa ehtiyac duymuruq.

Təəssüf ki, sensasiya xatirinə yazı yazanlar çirkin əməllərindən əl çəkmirlər. Əksinə, bir az da həyasızlaşıblar. Ucuz adamlardır, bəd niyyətlərini də gizlətmirlər. Kimlərinsə vasitəsi ilə zəng etdirirlər ki, “hörmət edin” yazını saytdan çıxardaq. Yazmağın da təhəri var axı. Bir var yazasan ki, eşitdiyimizə görə, “filankəsin bacanağı zəncidir”. Bir də var şərini-böhtanını heç bir sübutsuz, az qala həqiqət olduğuna yüz faiz əmin olduğun kimi arxayın yazasan. Saytların birində yazıblar ki, Akif Səlimovun oğlunun biri ağır cinayət edərək Ermənistandakı xalasının yanına qaçıb. Bunu yazan jurnalisti bağışlamaq olarmı, bu insan İslam əhlidirmi? Onlarla hüquq müstəvisində qarşılaşacağıq. Hər kəs etdiyi əməllərə görə qanun qarşısında cavab verməlidir. Onda kimin cinayətkar olub-olmaması, erməniyə nə dərəcədə yaxınlığı aydınlaşar.

Belə “qələm sahibləri”nin erməni kəşfiyyatına işləməsi də istisna deyil. Çünki Leyla Yunus faktorunun ölkə gündəmini zəbt etdiyi məqamda “köhnə bayatılar”ın təzədən “oxunması” təsadüf sayıla bilməz. Düşünürəm ki, bütün bunlar ictimaiyyətin diqqətini əsas hədəfdən yayındırmaq cəhdidir. Özü də çox uğursuz cəhddir.

Təkcə Laçında deyil, başqa rayonlarda da, elə paytaxtın özündə də ermənilərə qarşı vuruşan, mübarizə aparan insanları gözdən salmaqda maraqlı olan gizli qüvvələr mövcuddur. Həmin qüvvələr qanunun aliliyi çərçivəsində durdurulmalıdır və durdurulacaqdır.”


Müəllif: