8 May 2014 09:24
1 893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lenin onu “Partiyamızın sevimlisi” adlandırmışdı - hamı ilə dil tapa bilən bu şəxsi İnqilaba qədərki partiyada sanki hamı çox istəyirdi. O, 1920-ci illərdə partiyanın əsas ideoloqlarından biri idi. Lenin, Trotski və Lunaçarski ilə yanaşı, ən erudisiyalı kommunist liderlərdən sayılırdı.

O, əvvəlcə Trotskiyə qarşı mübarizədə Stalinə, Kamenevə və Buxarinə əvəzsiz yardımçı olur. Sonra Stalin onunla birləşərək Zinovyev-Kamenev cütlüyünü devirir. Və vədə yetişir, növbə gəlib ona da çatır - Stalin Buxarini həbsə atır, məhkəmədə alçaldır, sonunda da güllələdir. 1938-ci ilin 15 martında, hökmdən 2 gün sonra 50 yaşlı Nikolay Buxarin Moskva ətrafındakı “Kommunarka” poliqonunda edam olunaraq elə orada da dəfn olunur.

20-ci qurultaydan sonra çoxları bəraət alsa da, həmin siyahıya Buxarinin adı salınmır. Ona yalnız 1988-ci ildə bəraət verilir.

Ömrünün son illərində öz mövqe dəyişiklikləri, əqidə buqələmunluğu, səbatsızlığı ilə ad çıxaran Buxarin bir şəxsiyyət kimi 1938-in martında yox, daha əvvəl “məhv olmuşdu”. O, Kamenevlə gizli sövdələşməyə gedərək Stalini yıxmaq üçün trotskistlərlə trio yaratmağı təklif edirdi, ancaq Zinovyev və Kamenevin 1936-cı ildə güllələnməsi xəbərini alıb dərhal Siyasi Büroya təbrik teleqramı yollayan da elə o idi: “Yaxşı ki, hava təmizləndi. İndi rahat nəfəs almaq olur”.

Yaxud elə həmin Buxarindi ki, 1934-cü ildə partiyanın 17-ci qurultayındakı (“Güllələnənlərin qurultayı” da deyirlər. Nümayəndələrin böyük əksəriyyəti yaxın 3 ildə həbs olunacaqdı) çıxışında deyirdi: “Partiyanın hər bir üzvünün vəzifəsi partiyanın ağıl və iradəsinin fərdi təcəssümü olan yoldaş Stalinin ətrafında sıx birləşməkdən ibarətdir”.

Onun istər məhkəmə prosesindəki özünə yaxdığı qaralar, istərsə də məhbəsdən Stalinə yazdığı nevrotik yalvarış məktubları o dövrün sənədi olmaqla bərabər, həm də repressiyaların mexanizmini anlamaq cəhdlərində az da olsa yardımçıdır. Buxarinin sınmış taleyi isə yalnız tarixin dolanbaclarında kor dalana dirənmiş bir insanın şəxsi faciəsi yox, həm də hakimiyyət uğrunda qəddar mübarizədə amansız taktiki gedişlərin universallığının növbəti təsdiqidir.

***

Bəzən Buxarinin türmədəki davranışını “Buxarinin tapmacası” adlandırırlar. Məsələn, Sovet trotskisti Vadim Roqovin özünün “Güllələnənlərin partiyası” kitabında bölmələrdən birini bu cür adlandırıb. Viktor Serj bu tapmacaya kitablarında qayıdıb, Artur Köstlerin “Kor edən zülmət” romanında inqilabçı Rubaşov obrazının prototipinin məhz Buxarin olduğu fərz edilir. Bəlkə də - ancaq Buxarindən fərqli olaraq Rubaşov əvvəlcədən xilasın mümkünsüzlüyünü bilirdi (bunu ona müstəntiq demişdi), üstəlik, öz həyatını partiyanın tamlığını qorumaq üçün qurbanlıq sayırdı.

Daha Yer mənşəli versiya da var: Günahsız Buxarin ifadələrində və məhkəmədə özünü ona görə lənətləyirdi ki, bu yolla sağ qalacağına ümidvar idi, həyatdan sə beşəlli yapışmağının səbəbi isə təzə qurduğu ailəsinə bağlılığıydı. 1934-cü ildə 46 yaşlı Buxarin 3-cü dəfə ailə qurur - köhnə bolşevik Yuri Larinin 20 yaşlı qızı Anna Larina (1914-1996) ilə evlənir. 2 il sonra onları oğlu Yuri dünyaya gəlir (Yurinin hazırda 78 yaşı var, rəssamdır və Moskvada yaşayır).

Bu versiyaya görə, Buxarin özünü şərləməklə bir tərəfdən ailəsinin yanına qayıda biləcəyinə ümid edirdisə, digər tərəfdən isə bu mümkün olmazsa, heç olmasa Annaya toxunmayacaqlaına nail olmaq istəyirdi. Ancaq fakt ondadır ki, artıq 1937-ci ildə Anna Larina həbs olunur və sürgünə göndərilir, sürgündən yalnız Stalinin ölümündən sonra dönür, oğlu Yuri isə uşaq evində böyüyür.

Bir sözlə, Buxarinin hansı ictimai və (və ya) fərdi motivlərdən çıxış etdiyini müəyyənləşdirmək çətindir, ancaq bir şey dəqiqdir: o, Stalinin onu güllələtməyəcəyinə ömrünün son günə qədər - edam hökmündən sonra da ümid edirdi.

***

Buxarini 1937-ci ilin fevralın ortalarında partiya üzvlüyündən çıxarırlar. Əleyhinə ifadələr isə hələ 1936-cı ildə, Zinovyevlə Kamenevin məhkəmə prosesində səslənmişdi. Odur ki, o, həbs olunacağını gözləyirdi.

Çox ağır keçən fevral ayında o, Stalinə, Siyasi Büro üzvlərinə məktublar yazır və cavab almır. Etiraz olaraq aclıq elan edir, ancaq Stalinin “Sən kimə ultimatum irəli sürürsən? Mərkəzi Komitəyə?” sözlərindən sonra aclığı dayandırır.

Onu həmin ilin 27 fevralında həbs edirlər. Məhbəsdə fiziki işgəncələrə məruz qalmır, əksinə, kamerada 50 çap vərəqi həcmində yazılar yazır. Bunun üçün o, istədiyi kitablarla da təmin olunur - kitablar həm onun ev kitabxanasından gətirilir, həm də onun sifarişi əsasında müstəntiq Koqan tərəfindən tapılır. Əlbəttə, işgəncə şəraitində Buxarin bu qədər yeni yazılar yaza bilməzdi. Onun qələmindən çıxan yeni əsərlər sırasında “Sosializm və mədəniyyət” əsəri, “Fəlsəfi arabesklər” adlı nəzəri işi, şeirlər, hətta avtobioqrafik roman var. Bütün yazdıqlarını Stalinə yollayırdı. Stalin isə ömrünün sonuna qədər o yazıları şəxsi arxivində saxlayıb.

Stalinin arxivində həmçinin Buxarinin türmədən ona ünvanladığı 4 məktub da qalıb. Onlardan ən məşhuru məhkəmədən 3 ay əvvəl - 1937-ci ilin dekabrında yazılmış geniş məktubdur. Həmin mətndə Buxarin özünün nevrotik halını dəfələrlə, təkrar-təkrar vurğulayır: “Mən həyəcandan tir-tir əsirəm, minlərlə emosiya mənə hakimdir və özümü çətinliklə idarə edirəm”. Yaxud: “Bəlkə də sabah mən nevrastenikdə elə universal apatiya olacaq ki, heç barmağımı da tərpədə bilməyəcəm”. Və ya: “"İlahi, kaş elə bir alət olardı ki, sən (yəni, Stalin - Red.) mənim tamamilə didilmiş və parça-parça olmuş qəlbimi görə biləydin!”

Buxarin hələ də inanır ki, Stalini öz günahsızlığına inandıra biləcək, halbuki, hamıdan daha yaxşı məhz Stalin ittihamların nə qədər gerçək olmadığını bilir. Və istedadlı publisist Buxarin köhnə dostuna yazır: “Geriyə yolun olmadığı uçurumun kənarında dayanaraq mən sənə ölümqabağı namus sözü verirəm: günahsızam və istintaqda təsdiqlədiyim cinayətlərin heç birini etməmişəm... Mənim ittihamları və başqalarının ifadələrini təsdiq və inkişaf etdirməkdən başqa “çarəm” olmayıb - əks halda elə çıxardı ki, mən “tərksilah olmamışam...”

Məktubun çox diqqətəlayiq və tarixi rol daşıyan hissəsində Buxarin öz davranışını nəzəri cəhətdən əsaslandırmağa çalışır. Onun fikrincə, yəqin Stalinin hansısa “böyük və cəsarətli siyasi ideyası var və bu, siyasi təmizləmə ideyvsıdır”. Bu isə “a) müharibə önü vəziyyətlə, ya da b) demokratiyaya keçidlə bağlıdır”.

Buxarinə görə, həmin böyük ideyanın gerçəkləşməsi üçün zəruri olan repressiyalar adamların 3 qrupunu əhatə etməlidir: a) günahkarları, b) şübhəliləri və s) potensial şubhəliləri. Görünür, o, özünü 3-cü qrupdan sayır və əlavə edir: “Burada mənsiz keçminmək olmayıb”. Buxarin yazır: “Mən yetərincə yaşlıyam ki, böyük ideyaların və böyük maraqların hər şeyə haqq qazandırdığını anlayım. Ona görə də ilk növbədə sənin çiyinlərində dayanan nəhəng tarixi məsələlərin yanında öz məsələmi qaldırmaq xırdaçılıq olardı”.

O, məktubunda “Sən” deyə müraciət etməklə əvvəlki yaxınlıqlarını vurğulayır: “Son illərdə mən səni ağılla qiymətləndirməyi və sevməyi öyrənmişəm”. Və ondan “son üzrxahlığını” (!) edir: “"İosif Vissarionoviç! Sən mənim simamda ən bacarıqlı, sənə həqiqətən sadiq olan generallarından birini itirdin”.

Buxarin bir tərəfdən “Səndən heç nə xahiş etmirəm” yazır, digər tərəfdən isə bir neçə xahişini qələmə alır. Buxarin Stalindən nələri xahiş edir? Oxuyaq: “1. mənə məhkəməyə qədər ölməyə imkan ver, çünki, ölmək qarşıdakı məhkəmə prosesinə dözməkdən min dəfə yüngüldür; 2. əgər ölüm hökmü çıxarılarsa, məni güllələməyin, əvəzində kamerada zəhər içməklə ölməyimə icazə ver (morfi olsun, yatım və bir daha oyanmayım... Rəhmli olun! Yalvarıram..."

Bununla bərabər, Buxarin hələ də ümid edir ki, Stalin onu öldürtməyəcək. Və təklif edir - “Məni Amerikaya sürgün et, orada Trotskiyə qarşı ölümcül mübarizə aparım, tərəddüd keçirən ziyalıları öz tərəfimizə çəkim, faktik Anti-Trotski olum və bu işi böyük səy ilə, entuziazmla yerinə yetirim”.

Bu variantın Stalini maraqlandıracağına inanan Buxarin ehtiyat variant da təklif edir: “Lap 25 illiyə Peçora və ya Kolımaya, düşərgəyə sürgün edin. Orada universitet, diyarşünaslıq muzeyi, texniki stansiya, institutlar, şəkil qalereyası, etnoqrafik muzey, zoo- və fitomuzey, jurnal, qəzet yaradaram... "

***

Bu yalvarışlar nəticəsiz qalır. 1938-ci ilin 3 martında bir çox köhnə bolşeviklərin (Krestinski, Rakovski, Rıkov və başqalarının) də müttəhimlər kürsüsündə oturduğu “”Üçüncü Moskva prosesi” başlayır. 10 gün sonra proses çoxsaylı ölüm hökmləri və 3 nəfərə 25 illik həbs hökmü ilə tamamlanır.

Martın 14-də Buxarin Mərkəzi İcraiyyə Komitəsinin (MİK) Rəyasət Heyətinin ünvanına 1 gün ərzində 2 dəfə əfv ərizəsi yazır. Görünür, onu inandırırlar ki, əfv mümkündür və bunu ölümün son addımlığında olan fərdə münasibətdə yalnız ifrat sinizm saymaq olar.

İkinci ərizəsində o, qeyd edir: “1 illik türmə dövrü mənə elə məktəb oldu ki, bütün haqla tamamilə təmizləndiyimi söyləməyə əsas verir”. Buxarin əla bilirdi ki, onun taleyi MİK-də yox, Siyasi Büroda, daha konkret desək, Stalin tərəfindən həll olunacaq. Odur ki, o, əslində kollektiv orqana yox, məhz Stalinə yazırmış kimi davranırdı. Məhkəmədə son sözü zamanı işlətdiyi cümləni (“Vətənim, partiya və xalq qarşısında dizi üstə dayanıram”) təkrarlayandan sonra Buxarin yazır: "Bizim nəhəng ölkəmiz, nəhəng partiya və hökumətimiz köklü təmizləmə işi aparıb. Əksinqilabın başı əzilib və o, zərərsizləşdirilib. Sosialist ölkəmiz qəhrəmanlıq marşı ilə dünya tarixində ən böyük qələbə səhnəsinə daxil olur. Ölkə daxilində Stalin Konstitusiyası əsasında geniş partiyadaxili demokratiya inkişaf edir".

Sanki “Pravda” qəzetindəki baş məqalələrin mətnini təkrarlayan bu panegiriklər Buxarinə “bu quruculuq həyatında heç olmasa türmə barmaqlıqları arxasından iştirak etmək imkanı verilməsi”ni xahiş etmək üçün lazım idi.

“Mənim qəlbimdə bircə dənə də etiraz sözü yoxdur” yazan Buxarin bəyan edir: “Mənim indi qəzəb və nifrətlə xatırladığım cinayətkar keçmişimdən heç nə qalmayıb... Daxilən tərksilah olmuşam. Keçmişim həmişəlik və dönməz şəkildə ölüb. Sevinirəm ki, proletariatın hakimiyyəti məni özünə lider saymış cinayətkarlığı dağıdıb töküb”.

Həyatdan var gücü ilə yapışmağa çalışan Buxarin sağ qalmaq və “sosializmə xidmət etmək” üçün hər şeyə razıdır: “Əgər mənə yaşamaq imkanı versəz, hansı şəraitdə işləməyimin fərqi yoxdur - türmənin təkadamlıq kamerasında, həbs düşərgəsində, Şimal qütbündə, Kolımada... Bütün qüvvəmlə sizə sübut etməyə çalışacam ki, proletar alicənablığı jestinizdə haqlısız...”

***

Ancaq Nikolay Buxarinin yalvarışları fayda vermir. Bu müraciətin yazılmasından saatlar sonra o, edam edilir...

Məmməd Süleymanov


Müəllif: