15 Aprel 2014 19:19

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) İdarə Heyətinin üzvləri və Kocaeli Azərbaycan Kültür Evinin nümayəndələri 30 mart seçkilərində yenidən İzmit Bələdiyyəsinin sədri seçilmiş Nevzat Doğanla görüşüblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, TADEF rəhbəri Bilal Dündar təşkilatın və nümayəndə heyətinin adından yeni bələdiyyə sədrini təbrik edərək ona növbəti sədrlik dönəmində uğurlar arzulayıb. Azərbaycandan aparılmış Qarabağ xalısını və müəllifi olduğu “Bir millət, iki dövlət” adlı kitabını N.Doğana təqdim edən B.Dündar Azərbaycanla Türkiyə arasında hər sahədə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. B.Dündar İzmit Bələdiyyəsinin həm federasiyaya, həm də iki ölkə arasında münasibətlərin inkişafında verdiyi töhfələrin təqdirəlayiq olduğunu deyib.

İzmit Bələdiyyəsinin sədri isə öz növbəsində Türkiyə ilə Azərbaycan arasında mövcud qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində TADEF-in fəaliyyətini yüksək qiymətləndirib və təşkilatın bu yöndə hər bir layihəsinə, işlərinə bundan sonra da dəstək göstərəcəklərini bildirib. Bələdiyyə sədri TADEF üçün ayrılmış tarixi binanın yaxın zamanda təşkilatın istifadəsinə veriləcəyini xatırladıb. Daha sonra qarşılıqlı əməkdaşlıqla bağlı bir sıra məsələlər, o cümlədən Kocaeli Universitetində təhsil alan azərbaycanlı tələbələrin bəzi problemlərinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Səxavət


Müəllif: