9 May 2014 10:15
1 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti İlham Əliyev Dağüstü parkda 9 May – Qələbə Günü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət edib.

Dövlət başçısı abidə önünə əklil qoyub, müharibədə həlak olmuş insanların xatirəsini yad edib. Prezident veteranlarla görüşüb.

Mərasimə dövlət və hökumət nümayəndələri də iştirak ediblər.

Bu gün faşizm üzərində qələbəsindən 69 il keçir. Teleqraf.com-un məlumatına görə, 1945-ci il may ayının 9-da Böyük Vətən müharibəsi başa çatdı və faşist Almaniyası təslim oldu.

1941-ci il iyunun 22-də alman qoşunlarının Sovet İttifaqının sərhədlərini keçməsi ilə başlayan bu müharibədə faşizmə qarşı Azərbaycan xalqı da fəal mübarizə aparıb. Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılıb. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanıb.

Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçib. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunub. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Xıdır Mustafayev, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazıblar.


Müəllif: