12 May 2014 14:14
769

Siyavuş Novruzov: “Sazişlər birbaşa prezidentlər tərəfindən imzalanır”

Qabil Hüseynli: “Atəşkəs nəfəs almağımıza imkan verdi”

Ərəstun Oruclu: “Yəqin müddət uzadılacaq”

Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəviyə keçməsində 20 ildən çox vaxt keçir.

Müharibə dövründə Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın yaşayış məntəqələri işğal edildi və 1 milyondan çox insan öz yurd-yuvalarından didərgin düşdü. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra ordumuzun təşkilatlanması və hərbi əməliyyatların vahid mərkəzdən idarə edilməsinə başlanıldı. Eyni zamanda bu dövrdə Heydər Əliyevin apardığı uğurlu siyasəti nəticəsində Azərbaycanın haqq səsi beynəlxalq aləmin diqqətinə çatdırıldı.

Qısa müddət ərzində Azərbaycan Silahlı Qüvvələri əks-hücum nəticəsində ermənilər tərəfindən işğal olunmuş torpaqların bir hissəsi azad edildi. 1993-cü ilin dekabr ayından başlayaraq ordumuz cəbhə xəttində uğurlu hücum əməliyyatları keçirməyə nail oldu. Cəbhə xəttinin cənub istiqamətində hücum edən ordumuz Horadiz qəsəbəsi daxil olmaqla, Füzuli rayonunun 20-yə yaxın yaşayış məntəqəsini azad etdi.
Lakin Azərbaycan Ordusunun 1994-cü ilin fevral-mart aylarında Ağdam-Tərtər və Murovdağ istiqamətində hücumları istənilən nəticəni verməydi. Ermənistan Ordusu özünün bütün ehtiyat qüvvələrini cəbhənin adıçəkilən istiqamətinə və şimalına yönəltməklə, Azərbaycan Ordusunun hücumunu dayandırmağa müvəffəq oldu.

Azərbaycan hərbi aviasiyasının fevral-mart aylarında Ağdam və Tərtər istiqamətində həyata keçirdiyi hava dəstəyi nəticəsində Ermənistan Ordusunun əsas ehtiyat qüvvələri məhv edildi. Məhz bundan sonra Rusiyanın işə qarışması ilə atəşkəsin imzalanmasına dair danışıqlara start verildi. Müharibə aparan Azərbaycan və Ermənistan tərəfləri ilə aparılan danışıqların nəticəsi olaraq 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış “Bişkek protokolu” mayın 12-də qüvvəyə mindi və həmin gün cəbhə xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırıldı.

Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanması ilə bağlı təkliflə 1994-cü il mayın 4-də Rusiya çıxış edib. Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası Assambleyasının (MDB PA) iclasında Rusiya atəşkəs haqqında saziş layihəsini tərəflərə təqdim etsə də, Ermənistan-Azərbaycan danışıqları nəticə verməyib. Əsas fikir ayrılığı protokolda Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın erməni icmasına da bərabər tərəf kimi yer ayrılması olub.

Mayın 8-də ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri Vladimir Kazimirovun iştirakı ilə sənədi Azərbaycan tərəfdən Milli Məclisin o vaxtkı sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov imzalayıb. Rusiyanın layihəsinə görə, Ermənistan və Azərbaycanın birinci şəxsləri atəşkəs sazişinin ardınca hazırlanacaq “Böyük sülh sazişi”nə imza atmalı idilər.

Mayın 19-da isə atəşkəs müqaviləsinin həyata keçirilməsinə nəzarət məqsədilə ATƏT-in Dağlıq Qarabağ üzrə daimi komitəsi yaradılıb.

Artıq Azərbaycanla Ermənistan arasında atəşkəsin əldə olunması ilə əlaqədar imzalanmış “Bişkek protokolu”nun vaxtı bitib.

Görəsən, münaqişə tərəfləri arasında yeni atəşkəs sazişi imzalanacaqmı?

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Siyavuş Novruzov bildirdi ki, parlament bilavasitə bu protokolun imzalanıb-imzalayanmayacağı ilə bağlı məşğul olmur. Onun fikrincə, sazişlər dövlətlər arasında, birbaşa prezidentlər tərəfindən imzalanır: “Sonra bu sənədlər parlamentə gəlir və ratifikasiyadan keçir. Mən bununla bağlı bir fikir deyə bilmərəm. Çünki kifayət qədər məlumatım yoxdur”.

Politoloq Qabil Hüseynli qeyd etdi ki, iki ölkə arasında bağlanmış atəşkəs sazişinin müddəti mütləq uzadılmalıdır. Onun sözlərinə görə, əks təqdirdə yenidən iki ölkə müharibə vəziyyətinə gəlir: “Bunu qarşısının alınması üçün mütləq hər hansı saziş ortada olmalıdır. Yeni sazişin imzalanması isə müəyyən çətinliklərlə qarşılanır. Güman edirəm ki, həmsədrlər bu məsələni gündəliyə gətirəcəklər”.

Q.Hüseynli bildirdi ki, 20 il öncə iki ölkə arasında bağlanan saziş Azərbaycan üçün vacib idi. Onun fikrincə, o dövrlərdə Azərbaycan dövlətçiliyi, xüsusilə silahlı qüvvələr zəif idi: “Ermənilərdə Rusların köməyi ilə hücum edərək, yeni-yeni əraziləri işğal edirdilər. Hətta ermənilərin planında Tərtər, Bərdə, Yevlax və sair bu kimi yaşayış məntəqələrinin işğalı var idi. Beləliklə Azərbaycanı ikiyə bölmək kimi mənfur planları mövcud idi. Bu planlar Rusiyanın Baş Qərargahında hazırlanmışdı və bu ermənilərin köməkliyi ilə həyata keçirilirdi. O zaman mərhum Heydər Əliyev düzgün hərəkət etdi və rusların vasitəçi olması ilə atəşkəs haqqında təklif irəli sürdü. Təklif də ermənilər tərəfindən qəbul edildi və Qırğızıstanın paytaxtı Bişkekdə atəşkəs haqqında protokol imzalandı. Atəşkəs bizə onu verdi ki, bir qədər nəfəs alma imkanı əldə edildi. Sonra Azərbaycanın neft kontraktlarını imzalanması imkanı yaratdı və bu da dövlətimizin büdcəsinin artmasına səbəb oldu. Bu isə ordu quruculuğuna yönəldilməklə müasir tələblərə cavab verən silahlı qüvvələrin yaradılmasına gətirib çıxardı. Atəşkəs rejimi ümumilikdə Azərbaycan üçün sərfəli bir məqam idi”.

Tərəflər arasında “Böyük Sülh” sazişinin imzalanıb-imzalamayancağı məsələsinə toxunan politoloq qeyd etdi ki, Azərbaycan torpaqlarını işğal etdirən də, sonradan sülh danışıqlarının pozan da Rusiyadır.
Q.Hüseynli Azərbaycanın 1999-cu ildə bir dəfə sülh sazişinə yaxınlaşdığını diqqətə çatdırdı: “ATƏT-in İstanbul zirvə sammiti ərəfəsində belə bir sazişin imzalanması gözlənilirdi. Rusiya Ermənistan parlamentinə hücum təşkil etməklə, spiker Dəmirçiyanı və digərləri öldürüldü. Bununla da sülh sazişi imzalanması prosesi pozuldu və bundan sonra sülh sazişinə yaxınlaşmaq mümkün olmadı. İndiki vəziyyətdə bu Rusiyanın mövqeyindən asılıdır. Bu ölkənin necə ki, Cənubi Qafqazda mövqeləri güclüdür, sülh sazişini əldə etmək çətin olacaq. Amma hesab edirəm ki, Rusiyanın hegemonluğu həmişə regionda güclü olmayacaq və nə vaxtsa bizim üçün də geosiyasi vəziyyət əlverişli olacaq. O zaman Azərbaycan silahlı təhdid yolu ilə erməniləri sülh sazişinə məcbur edə biləcək”.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə dedi ki, indi regionda vəziyyət çətindir. Onun sözlərinə görə, hazırda demək olar ki, hər tərəfdə müharibə əhval-ruhiyyəsi duyulur: “Bütün bunların üzərinə baş verən geosiyasi prosesləri, qarşıdurmaları əlavə edəndə təxmin eləmək olar ki, bu çox çətindir. Məncə bütün vasitəçi tərəflər öz geosiyasi mövqelərindən asılı olmayaraq bu sazişin müddətinin uzadılmasına çalışacaqlar. Ona görə ki, bu gün hərbi qarşıdurma heç kimin maraqlarına uyğun deyil. Yüksək ehtimalla deyə bilərəm ki, yəqin müddət uzadılacaq”.

Siyasi təhlilçi bildirdi ki, atəşkəs müddətində sivil insanlar ölmədi, ölkələrin iqtisadi inkişafı üçün müvafiq şərait yarandı. Ə.Oruclunun sözlərinə görə, müharibə heç bir problemin həlli yolu deyil: “Təbii ki, bəzən müharibə yolu ilə nəyi isə həll etmək olur. Amma müharibə bir problemi aradan qaldırır, lakin bir neçəsini də yenidən yaradır. Bu səbəbdən də müharibənin fəsadları daha ağır olur, nəinki sülhün. Digər tərəfdən isə hər bir dövlətin ərazisinin işğal olunması faktoru ilə barışmamaq hüququ var, o cümlədən Azərbaycanın. Çünki Azərbaycan, həqiqətən, işğala məruz qalıb və beynəlxalq birlik bu məsələdə çox passiv mövqe tutur. Ən azı bu 20 ildə haqqı etiraf eləməyə zəiflik göstərildi. Yəni, hansı tərəfin təcavüzkar, hansı tərəfin işğala məruz qalmasını dilə gətirmirlər. Deməli, beynəlxalq birlikdən münaqişənin həllini gözləmək sadəlöhvlükdür. Bu olmayacaq. Hər bir ölkə öz problemini həll etməlidir. Burada da hesab edirəm ki, Azərbaycanın hərbi, insan resursları və başqa amillərlə bağlı xeyli imkanları var. Sadəcə bu imkanları arayıb-axtarmaq lazımdır. Burada qeyri-hərb imkanlarını nəzərdə tuturam. Hər halda sülh, istənilən müharibədən üstündür”.

Ə.Oruclunun fikrincə, tərəflər arasında sülh sazişinin imzalanmasını söyləmək çox çətindir: “Ən azı 6 ay əvvəlki geosiyasi duruma qayıtsaq, o fikri demək olardı. Amma bugünkü geosiyasi durum anlaşılan deyil. Biz artıq dünya güclərinin sərt qarşıdurmasını görürük və bu vəziyyətdə bir-birilərinə qarşı hərb yolundan başqa bütün vasitələrdən istifadə edirlər. Məsələn, Ukraynaya qarşı Rusiya hərbi gücdən istifadə edir, amma Rusiyanın qarşısını kəsmək istəyənlər hələlik hərbi gücə əl atmırlar. Ona görə də maraqların kəskin şəkildə toqquşduğu dönəmdə sülh olacaqmı sualının cavabı çox çətindir”.

Bəxtiyar MƏMMƏDLİ


Müəllif: